(+99412) 597-38-98
Tibb Universitetində beynəlxalq elmi simpozium keçirilib
Azərbaycan Tibb Universitetində Türkiyənin Hacettepe Universiteti ilə birlikdə "Burunətrafı ciblərin və kəllə əsası cərrahiyyəsi disseksiya kursu" mövzusunda elmi simpozium keçirilib. Kursun açılışında universitetin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək bu mövzuda konfransın ilk dəfə məhz Tibb Universitetində keçirildiyini bildirib.
Akademik Ə.Əmiraslanov qeyd edib ki, hazırda ATU ilə Türkiyənin bir çox universitetləri arasında əməkdaşlıq sazişləri imzalanıb: "Türkiyə ilə səhiyyə, tibb təhsili, ümumiyyətlə ali təhsil sahələrində hərtərəfli əməkdaşlığımız var. Biz hər təşəbbüslə bağlı Türkiyə tərəfinin köməyini hiss etmişik".
Rektorun sözlərinə görə, hazırda ATU-nun 60-dan çox rezidenti dünyanın tanınmış klinikalarında təcrübə keçirlər. Türkiyəli mütəxəssislər ilə birgə keçirilən belə tədbirlərin əhəmiyyətini vurğulayan akademik Ə.Əmiraslanovun fikrincə, belə kurslar ölkəmizin gənc həkim-mütəxəssisləri və rezidentləri üçün faydalı olacaq.
Türkiyənin Hacettepe Universitetinin professoru Ömer Taşkın Yücel hər iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsi baxımından kursların əhəmiyyətini qeyd edib. Sonra Tibb Universitetinin burun, qulaq, boğaz xəstəlikləri kafedrasının müdiri Əzizağa Talışinki, həmin kafedranın əməkdaşları, eləcə də Hacettepe Universitetinin mütəxəssisləri elmi məruzələrlə çıxış ediblər.
Tədbirdə burun içi diaqnostik endoskopiya, nazoseptal flep hazırlanması, arteriya sfenopalatinanın bağlanılması, endonozal cərrahiyyə və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetdə ildə bir neçə dəfə beynəlxalq simpozium, konfranslar keçirilir. Bu yaxınlarda universitet "Gicgah sümüyünün disseksiyası" mövzusunda, "Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər" və digər mövzusunda elmi konfranslara ev sahibliyi edib.