Tibb Universitetində qanlı Yanvar hadisələrinə həsr olunmuş toplantı keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının konfrans zalında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ATU rektoru Əhliman Əmiraslanov qanlı Yanvar faciəsinin ömürlük Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunduğunu bildirib: "Ölkəmizin azadlığı, Azərbaycanın müstəqilliyi uğrunda küçələrə çıxmış insanlara qarşı dəhşətli vəhşiliklər törədildi. ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin günlərdə Azadlıq mücadiləsinə qalxmış xalqın iradəsini qırıb imperiyanı saxlamaq istəyirdilər. Amma xalqın iradəsi, mərdliyi sayəsində bu planlarını reallaşdırmaq mümkün olmadı".
Rektor bildirdi ki, həmin vaxt artıq siyasi rəhbərlikdən kənarlaşan Heydər Əliyevin səyləri nəticəsində bu faciənin səbəbləri haqqında həqiqi informasiyalar bütün dünyaya çatdırıldı: "Məhz ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsinin hüquqi və ictimai-siyasi qiymət verilməsi mümkün oldu".
Tədbirdə çıxış edən ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev 20 Yanvar faciəsi ərəfəsində ölkənin siyasi və ictimai həyatında baş verən hadisələri xatırlatdı. Onun sözlərinə görə, həmin dövrdə ölkə rəhbərliyi xalqın istəyinə məhəl qoymadan, hələ də SSRİ rəhbərliyinin əmrlərini yerinə yetirirdi: "Bu da faciəyə gətirib çıxartdı. O insanlar nəyə nail oldular? İnsanlar arasında qorxunu öldürdülər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar". Milli ruhu qırmaq olmaz.
Anım tədbirində daha sonra Tədris-Cərrahiyyə Klinikasının direktoru, dosent Hacıqulu Bağırov, Ümumi Cərrahiyyə kafedrasının professoru Cabbar Hacıyev çıxış edərək 20 Yanvar hadisələrinə ekskurs ediblər. Sonda ATU-nun II müalicə-profilaktika fakültəsinin ikinci kurs tələbəsi Xatun Məmmədova qanlı Yanvar olayları ilə bağlı mühazirə ilə çıxış edib. Toplantı iştirakçıları ölkə müstəqilliyi uğrunda şəhid olanların xatirəsini yad ediblər.
Qeyd edək ki, 1990-cı ilin yanvarında sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 100-dən çox mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.