ATU Tələbə Gənclər Təşkilatı illik hesabatını verdi

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı (TGT) illik hesabatını verdi. ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov TGT-nin fəaliyyətini müsbət qiymətləndirərək, tədbir iştirakçılarına uğurlar dilədi: “Sizin fəaliyyətiniz universitetimiz üçün çox önəmlidir. Çünki sizin qurum sayəsində tələbələr arasında motivasiya yaranır. Rektor Gəray Gəraybəyli üzrlü səbəblərdən bu görüşdə iştirak edə bilmədi. Lakin siz hamınız şahidsiniz ki, rektor tərəfindən bütün müraciətlərinizə baxılır, həlli yolları araşdırılır. Tədbir keçirmək istəklərinizə daim müsbət baxır, hətta mütləq olduğunu bildirir. Yeri gəlmişkən, rektor Gəray Gəraybəyli sizi təbrik edir, yeni tədris ilində hamınıza uğurlar diləyir”.

 

C. Qasımov həmçinin ATU-da dərslərin, imtahan prosesinin digər universitetlərə nisbətən ağır olmasını nəzərə alaraq, TGT-nin işinin heç də digər universitet TGT-lərindən geridə qalmadığını bildirdi. O, bu işdə əməyi olan hər kəsə uğurlar dilədi.

 

Daha sonra ATU TGT-nin sədri Rauf Vəliyev çıxış edərək, bu il ərzində TGT-nin gördüyü işlər haqqında geniş hesabatla çıxış etdi: "ATU TGT-nin yaradılması ilə Azərbaycan Tibb Universitetinin tələbələri ölkənin ictimai-siyasi həyatında ciddi rola sahib olmağa başlayıb. Belə ki, tələbələrimizin respublika və beynəlxalq səviyyəli tədbirlərin iştirakçısı və eyni zamanda, təşkilatçısı qismində fəal iştirakları təmin olunub. Geridə qoyduğumuz tədris ili ərzində ATU TGT olaraq 10-dan çox layihənin birbaşa icraçısı olmaqla yanaşı, respublika səviyyəsində təşkil olunan tədbirlərdə tələbələrimizin iştiraklarını təmin etmişik. ATU tələbələri ölkədə keçirilən beynəlxalq səviyyəli yarışmalarda ilkin tibbi yardım işçisi, həkim köməkçisi olaraq da fəaliyyət göstərirlər. Belə yarışlara nümunə olaraq artıq ənənəvi xarakter alan Formula 1 yarışları, ölkədə ilk dəfə olaraq təşkil olunan UEFA Avropa Liqasının Final mərhələsi, EYOF gənclər arasında idman festivalını göstərə bilərik”.

 

Tədbirdə ATU-nun ümumi işləri üzrə prorektoru Natiq Xəlilov, THİK-in sədri Elvin Kərimli iştirak edirdi. Qonaq kimi tədbirə dəvətli olan, Azərbaycan Tələbə Gənclər Təşkilatı baş katibi Ramin Həbibzadə, Nəsimi rayon gənclər və idman idarəsinin sədr müavini Şahmar Tağıyev də sonda TGT-nin hesabatını yüksək qiymətləndirdilər. Tələbələrə gələcək işlərində uğurlar dilədilər.

 

Qeyd edək ki, Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli 41 №li sərəncamına əsasən "Azərbaycanda gənclər və tələbələrlə işin şəbəkələnməsinə və təkmilləşdirilməsinə dair tədbirlər planı"nın təsdiq olunması ilə başlanılıb.

 

Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsini təmin etmək məqsədilə 2005-ci ilin may ayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının Əsasnaməsi”ni təsdiq ediblər. Belə ki, bu sərəncama əsasən, Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatı 2006-cı ildə yaradılıb və fəaliyyətə başlayıb.

 

Sonda 2018/2019-cu tədris ili ərzində Azərbaycan Tibb Universitetinin ictimai-siyasi həyatında fəal iştirak edən və fərqlənən tələbələrə sertifikat verildi.