Suya tullandığına görə travma alanların sayı artıb

Hər il yay aylarında çimərlik mövsümü ilə əlaqədar boyun travmaları artır. Səbəb də insanları suya - çaya, dənizə, hovuza və s. başı üzərindən tullanmasıdır. Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərov deyir ki, yay mövsümündə məhz bu səbəbdən yaranan travmalarla həkimə müraciət edənlərin sayı çoxalır.

 

“Bu günlərdə bu səbəbdən travma alan növbəti xəstəni əməliyyat etmişik. Onurğa beyni tam zədələnmədiyindən və erkən dövrdə əməliyyat olunduğundan, xəstəmiz normal həyatına dönə bildi. Amma təəssüf ki, heç də həmişə belə nəticə almaq olmur. Ani əyləncə naminə ağır boyun travması yaşana bilər. İnsan ömürlük yataqda qala bilər, və ya əlil arabasında həyatını davam etdirməyə məcbur ola bilər. Bu cür tullanış peşəkar olmayanlar üçün yol verilməzdir”.

 

C.İskəndərov hər kəsi diqqətli olmağa, bu cür əyləncələrə uyub həyatını çətinləşdirməməyə çağırır.