ATU əməkdaşı Cocuq Mərcanlıda elmi praktik konfransda iştirak edib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Hərbi səhra döyüş travması simpoziumu və travma kursu keçirilib. Tədbirdə respublikanın müxtəlif tibb müəssisələrindən 200-ə yaxın həkim iştirak edib. Elmi-praktik konfransın iştirakçıları arasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru  Cəmil İskəndərov da olub.

 

C.İskəndərov toplantının çox faydalı olduğunu, iki hissədən ibarət olan  kursda həm nəzəri, həm də praktiki təlim məşqləri keçirildiyini bildirib.  Təlimin nəzəri hissəsində "Hərbi döyüş travmasına necə yanaşmaq lazımdır?" adlı məruzələr dinlənildi. Maniken və simulyatorlar vasitəsi ilə ilkin tibbi yardımın tətbiq edilməsi və praktiki vərdişlər öyrədildi. Düşünürəm ki, təlimdə iştirak edən hər bir həkim, yeni bir məlumat əldə etmiş oldu”. C.İskəndərov Hərbi Cərrahlar Birliyi və DSX-nin Hərbi Hospitalı tərəfindən keçirilən tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində keçirilən toplantı Dövlət sərhəd mühafizəsinin 100 illiyinə həsr olunub. Aksiya çərçivəsində həmçinin Cocuq Mərcanlı sakinləri tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin olunub.