Stavropol Dövlət Tibb Universitetinin müalicə və pediatriya fakültəsinin IV və V kurs tələbələri Azərbaycan Tibb Universitetində (ATU) praktika keçiblər. Praktika keçən tələbələrə universitet rəhbərliyi tərəfindən sertifikartlar təqdim olunub.
Tələbələrə sertifikartlarını ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev təqdim edib. O, praktika zamanı əldə etdikləri biliklər barədə tələbələrlə söhbət edib.
ATU-nun beynəlxalq əlaqələr üzrə koordinatoru Müşfiq Orucovun sözlərinə görə, qonaq tələbələr ATU-nun Tədris Cərrahiyyə Klinikası və Tədris Terapevtik Klinikasında yay istehsalat təcrübəsi keçiblər: “Tələbələr Tədris Cərrahiyyə Klinikasında üç şöbədə - ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi və mama-ginekologiya şöbələrində praktika keçiblər. Tədris Terapevtik Klinikasının da bir neçə şöbəsində olublar. Praktika 2 həftə davam edib”.
M. Orucovun bildirdiyinə görə, praktika iki universitet arasındakı əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilib.