ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, İmtahan Mərkəzinin icraçı direktoru Ülkər Cəfərova imtahan verən tələbələrlə söhbət edərək prosesin gedişi ilə bağlı onların fikirlərini öyrəniblər.
Qeyd edək ki, ATU-da Yay semestri (yay məktəbi) iyulun 15-dən start götürüb və avqustun 16-da işini yekunlaşdırıb. Məktəbi bitirən tələbələr bu gün - avqustun 19-da, həmçinin 21 və 23-də imtahan verəcəklər.
Yay məktəbinin təşkilində əsas məqsəd akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır.
Bu il Yay məktəbi tələbələrin istəyi ilə 10-dan çox fənn üzrə açılıb. Semestr ATU-da yay məktəbi ATU-nun stomatologiya fakültəsinin akademik məsləhətçisi Qələndər Aslanov rəhbərliyi altında keçirilib.
Q.Aslanovun sözlərinə görə, imtahanın ilk günü səhər saat 9-da başlayıb: “Bir neçə saat ərzində 12 nəfər imtahan verib. Gün ərzində daha 20 tələbənin imtahandan keçəcəyi gözlənilir. Hər tələbəyə sualların cavablandırılması üçün 50 dəqiqə vaxt ayrılır. Ümumilikdə, bu il yay məktəbi üzrə 84 nəfər imtahan verəcək”.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 N-li 24 dekabr 2013-cü il tarixli “Ali Təhsil Müəssisələrini bakalavriat və magistratura səviyyələrində əsas baza ali təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemini tədrisin təşkili qaydaları və bu qaydalara dəyişiklik edilməsi haqqında” 07.03.2018-ci il tarixli əmrin 3.4-cü bəndinə əsasən, tələbələrin istəyi ilə könüllülük prinsipi əsasında Yay məktəbi yaradıla bilər.