Rektor ATU-da qeydiyyat prosesini izləyib
Avqustun 16-dan etibarən Azərbaycan Tibb Universitetinə qəbul olanların qeydiyyatına start verilib. Artıq onlarla tələbə sənədlərini qəbul komissiyasına təqdim edib.
Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeydiyyat prosesinin gedişi ilə tanış olub. Rektor G. Gəraybəyli sənədlərin qəbulu komissiyasının üzvləri ilə görüşüb, fakültələr üzrə qəbulun dinamikası ilə maraqlanıb. Rektor fakültə dekanlarına dərslər başlamazdan öncə tələbələrlə görüşüb onları maraqlandıran sualları cavablandırmağı məsləhət gördü: “Dərslərdən əvvəl yeni tələbələrlə görüşüb ATU haqqında məlumat verin, onları korpuslarla tanış edin, qaydaları, imtahan prosesini izah edin, kitabxananın yerini göstərin. Bu, tələbələrin özlərini alim kətəbə hazır hiss etməsinə kömək edə bilər”.
Sonra rektor Gəray Gəraybəyli qeydiyyata gələn valideyn və gəncləri ATU-ya qəbul olmaları münasibətilə təbrik etdi. Yeni tələbələri ATU ailəsinin üzvü olması münasibətilə təbrik edərək onlara təhsildə uğurlar arzuladı.
Qeyd edək ki, ATU-ya qəbul olanların qeydiyyatı avqustun 27-dək davam edəcək. Qəbul hər gün səhər saat 9–dan saat 5-ə qədər keçirilir. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ilə ATU-nun rəsmi saytı və Facebook səhifəsindən tanış olmaq mümkündür.