(+99412) 597-38-98
Professor Tağı Tağızadənin 90 illiyi qeyd olunub
Səhiyyə naziri Oqtay Şirəliyev Tağı Tağızadənin Azərbaycan tibb elminə verdiyi töhfələrdən, onun apardığı tədqiqatlardan danışıb. Nazir bildirib ki, Səhiyyə Nazirliyi indiyə kimi dəfələrlə belə elm xadimlərinə həsr olunmuş tədbirlər keçirib.
Akademik Əhliman Əmiraslanov isə T.Tağızadənin fəaliyyətində Azərbaycan Tibb Universiteti ilə bağlı fəaliyyətindən söz açdı: "Tibb Universitetinin bu günə gəlib çatmasında bu cür görkəmli alimlərin, o cümlədən Tağı Tağızadənin əməyi böyük, danılmazdır". Rektor bildirdi ki, T.Tağızadə uzun müddət Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına rəhbərlik edib, burada elmi tədqiqatlar aparıb, bu sahədə yüksək səviyyəli kadrlar yetişdirib.
Vaxtilə mərhum professorun tələbəsi olmuş, hazırda onun işini davam etdirən ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev T.Tağızadənin elmi fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. Daha sonra professor T.Tağızadəni tanıyan, onunla birlikdə işləyən həmkarları da bu görkəmli elm xadimi haqqında xatirələrini bölüşdülər.
Məlumat üçün qeyd edək ki, əməkdar elm xadimi, məşhur epidemioloq Tağı Tağızadə 1923-cü ildə anadan olub. Həkim-epidemioloq ixtisasına yiyələnən T.Tağızadə 1990-cı ilə kimi Azərbaycan SSR Səhiyyə Nazirliyində Elmi-Tibb Şurasının idarə heyətinin üzvü olub. O, Azərbaycan dilində ilk və hələ də yeganə olan "Epidemiologiya" dərsliyinin müəllifidir. 1992-ci ilə kimi Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasının müdiri olub. Həmçinin, Elmi Tədqiqat Epidemiologiya, Gigiyena və Peşə xəstəlikləri İnstitutunun direktoru kimi çalışıb. Elmi fəaliyyəti dövründə müxtəlif tibbi qurumların, cəmiyyətlərin, elmi jurnalların işində iştirak edib. "Əmək rəşadətinə görə" yubiley medalı, "Şərəf nişanı" ordeninin sahibidir. Azərbaycan İnfeksionistlər Elmi Cəmiyyətinin fəxri üzvü, olub. Professor Tağı Tağızadə 1998-ci ildə vəfat edib.