ATU THİK-in iclası keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) iclası keçirilib. İclasda Komitənin sədri Elvin Kərimli qurumun strukturu, fəaliyyəti, icra etdiyi layihələr haqqında ətraflı məlumat verərək, tələbələri aktiv olmağa, fərqli ideyalar səsləndirməyə çağırıb: “Azərbaycan Tibb Universiteti gün-gündən inkişaf edir, həm təhsil, həm də idarəetmədə innovativ yeniliklər tətbiq olunur. Siz də artıq komandamızın üzvüsünüz. Hər birinizi komitə ilə daha sıx münasibətdə olmağa çağırıram və sizlərdən yeni ideyalar, təkliflər gözləyirəm”.

 

Sonra E.Kərimli hər fakültə üzrə THİK-in sədrləri və komandalarını təsdiq etdi. Hər fakültədən THİK-ə sədr, sədr müavini və 2 büro üzvü seçildi.

 

I müalicə-profilaktika fakültəsi üzrə THİK sədri Cavid Mustafazadə, II müalicə-profilaktika fakültəsi üzrə Nicat Novruzov, stomatologiya fakültəsi üzrə Ləman Məəmədova, əczaçılıq üzrə sədr Rəşad Məmmədli, ictimai səhiyyə fakültəsindən isə Ella Qocayevanın sədrliyi təsdiqləndi.

 

I müalicə-profilaktika fakültəsinin THİK sədri Cavid Mustafazadə iclas iştirakçılarına komitə nəzdində fəaliyyət göstərən klub və departamentlər - “Elm və təhsil departamenti”, “Kitab və Film Klubu”, “Debat klubu”, “İntellektual oyunlar klubu”, “Teatr dərnəyi”, “Media departamenti”, “KVN Klubu”nu təqdim etdi. Həmçinin, ATU THİK nəzdində yaradılan klub və departament sədrlərinin fəaliyyətləri haqqında çıxışları dinlənildi, onlara rəhbərlik edəcək tələbələr təyin olundu.

 

Sonda 2019-2020-ci tədris ili üçün keçiriləcək tədbir və iclasların planları təsdiqlənib, tələbələrin yeni tədris ili ilə bağlı təkliflərinin müzakirəsi aparılıb. O cümlədən, istedadlı tələbələrin müvafiq klub və departamentlərə yönləndirilməsi ilə bağlı müzakirələr aparılıb.