Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin rəhbərliyi birinci kurs tələbələri ilə görüşüb. Stomatologiya fakültəsinin dekanı Səid Əhmədov həm yerli, həm də əcnəbi tələbələrlə söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.
Dekan S.Əhmədov bildirib ki, stomatologiya fakültəsinin qapısı daim tələbələrin üzünə açıqdır: “Universitetimiz artıq elektron universitetdir. Burada çox yüksək və müsbət yönümlü dəyişikliklər gedir. Klinikalarımızda tələbələrin tədrisinin mükəmməl olması üçün son nəsil robotlar quraşdırılır, tədris-treninq mərkəzlərimiz inkişaf edir. Sizə dərslərinizdə uğur və məsuliyyət diləyirik. Universitet həyatında isə fəal olmağa çağırırıq”.
Görüşdə fakültə rəsmiləri tərəfindən tələbələrə davamiyyət, təlim-tərbiyə məsələləri, kredit sisteminin şərtləri, aralıq qiymətləndirmə və imtahan qaydaları haqqında məlumat verilib.
Görüşdə stomatologiya fakültəsinin dekan müavini Kamran Babayev, akademik məsləhətçi Qələndər Aslanov, xarici tələbələrlə iş üzrə dekan müavini Mahmud Bağırzadə, tələbə dekanı Əli Əliyev, fakültə üzrə TGT-nin sədri Adilə Abdullayeva iştirak ediblər.
Görüşdə tələbələri maraqlandıran məsələlər müzakirə edilib, universitetdə aparılan tədris yönümlü islahatlar haqqında məlumat verilib.