Xarici Tələbələr Dekanlığı öz məzunlarını daim diqqət mərkəzində saxlayır
2012-2013-cü tədris ilində Tibb Universitetinin Əczaçılıq fakültəsindən məzun olmuş 8 nəfər İran vətəndaşı öz diplomlarını tanıtdırıblar. Onlar Ulumpayə imtahanlarını müvəffəqiyyətlə verib işgüzar həyata qədəm basıblar. Bu haqda məlumatı Xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova verib.
G.Seyidovanın sözlərinə görə, həmin tədris ilində ATU-nun stomatologiya fakültəsini bitirən 86 nəfər İran vətəndaşının əksəriyyəti də həmin imtahanlardan uğurla keçə biliblər. Maraqlıdır ki, bir sıra xarici ölkələr - Hindistan, Filippin və Ukrayna universitetlərindən məzun olan gənclərə nisbətən, Azərbaycandan oxuyan iranlı məzunlar daha çox fərqləniblər. Onların uğuru Tehran Universitetinin müəllimləri tərəfindən də xüsusilə qeyd olunub. Bu nostrifikasiya imtahanından sonra artıq məzunların hamısı işlə təmin olunub.
Qeyd edək ki, hər il dünyanın müxtəlif ölkələrindən 100-lə tələbə təhsil almaq üçün Azərbaycan Tibb Universitetinə müraciət edir. Onlar 1 il hazırlıq kursları keçdikdən sonra Universitetin müxtəlif fakültələrində təhsilini davam etdirirlər. Universitetdə dərslər 3 dildə: Azərbaycan, Rus və İngilis dilində aparılır. Tələbələr bu dillərdə olan yeni dərsliklərlə təmin olunmaqla yanası, Universitetin tibbi kitabxanasından və internet şəbəkəsindən geniş səkildə istifadə edirlər.
Hazırda universitetdə 19 xarici ölkədən 1000 nəfərə yaxın xarici tələbə təhsil alır. ATU-nun rektoru Əhliman Əmiraslanov daim əcnəbi tələblərlə görüşlər təşkil edir, onların təklif və rəylərini dinləyir. Xarici ölkələrdən olan tələbələr sonradan öz ölkələrinə ali ixtisaslı mütəxəssis kimi qayıdırlar. Bu gün dünyanın 28 ölkəsində ATU-nun məzunları çalışır.