Aralıq qiymətləndirmə davam edir

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev İmtahan Mərkəzində keçirilən aralıq qiymətləndirmənin gedişatı ilə tanış olub. Aralıq sorğuda proqrama uyğun keçilən mövzulara dair sualların tərtib edildiyini və tələbələrin həmin sualları cavablandırdığını deyən prorektor bildirib ki, qalan suallar 3-cü kollokvium sorğusu zamanı müəllimlər tərəfindən aparılır:

 

“Aralıq qiymətləndirmənin üstünlüyü ondadır ki, nəticələr kompüter vasitəsilə tələbənin özünə məlum olur. Bu sorğu ilk növbədə imtahanqabağı hazırlığın, səfərbərliyin əsas göstəricilərindən biridir. Məndə olan məlumata görə, bəzi tələbələr, xüsusilə xarici tələbələr telefondan və digər köməkçi vasitələrdən istifadə etməyə çalışırlar. Amma nəzarətçi qrup belə cəhdlərin qarşısını vaxtında alaraq araşdırır, universitet rəhbərliyinə məlumat verirlər. Nəticədə aralıq qiymətləndirmənin tələblərini pozan tələbələrin cavabları sıfırlanır”.

 

İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova, imtahana nəzarət qrupunun sədri Zümrüd Abaszadə və Əczaçılıq fakültəsinin dekanı Kamandar Yaqubov da aralıq qiymətləndirmənin təşkili, aparılması ilə bağlı fikirlərini bizimlə bölüşüblər.

 

Qeyd edilib ki, hansı fənlərin kreditləri, dərs saatları azdırsa həmin fənlərin aralıq qiymətləndirilməsi tədris ilinin 8-ci həftəsindən başlayır. Keçən il yalnız I kursları əhatə etdiyinə görə aralıq qiymətləndirmə 10-cu həftədən başlayırdı və tələbə hər gün kollokvium sorğusunda iştirak edirdi. Keçən tədris ilindən fərqli olaraq bu il bütün fakültələrin II kurslarında da kollokvium sorğuları aparılır və imkan daxilində elə formada təşkil edilir ki, dərs prosesinə mane olmasın.

 

Xatırladaq ki, tələbələr bir semester ərzində 3 kollokvium sorğusunun üçünü də kafedrada cavablandırırdılar. İndi birinci və üçüncü kollokvium sorğuları kafedrada, ikinci sorğu isə İmtahan Mərkəzində aparılır. Aralıq sorğuları bitdikdən sonra tələbələrin qiymətləri artıq elektron jurnala köçürülür. Tələbənin özü, qrup nümayəndəsi və fakültə rəhbərliyi həmin qiymətləri yoxlaya bilirlər.

 

Qeyd edək ki, noyabrın 4-dən başlayan aralıq sorğuları noyabrın 29-da yekunlaşacaq.