İstedadlı alim Əzəm Ağayevin 75 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) t.ü.e.d, istedadlı alim, professor Əzəm Ağayevin 75 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tədbiri çıxış sözü ilə açan ATU-nun müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev alimin həyat və əmək fəaliyyətindən danışıb. Əzəm Ağayevin gözəl insan və bacarıqlı işçi olduğunu deyən S. Əliyev onun aspirantlıqdan assistent, dekan müavini, dekan və prorektorluğa qədər ucaldığını qeyd edib: “Əzəm Təyyar oğlu Ağayev çox bilikli, məsuliyyətli, çalışqan insan kimi yaddaşlara həkk olunub. O, 1969-cu ildə bizim təhsil olcağını fərqlənmə diplomu ilə bitirib.

 

Sosial gigiyena və səhiyyənin təşkili kafedrasına baş lobarant təyin edilib. 1972-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. 1972-ci ildən kafedraya assistent, 1976-cı ildə baş müəllim təyin olunub. Əzəm Ağayev 1985-ci ildə institutun tədris işləri üzrə prorektoru təyin olunub. 1989-cu ildə Sosial gigiyena və səhiyyənin təşkili kafedrasında müdir vəzifəsində çalışıb. O, sadəliyi və əməksevərliyi ilə kafedranın bütün nümayəndələrinin hörmətini qazanıb. Hansı vəzifələrdə çalışmasından asılı olmayaraq, özünü son dərəcə işgüzar, məsuliyyətli və bacarıqlı təşkilatçı kimi göstərib”.

 

Tədbirdə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinski, Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, Terapevtik və pediatrik propedevtika kafedrası, professor Yaqub Qurbanov çıxış edərək, alim haqqında xatirələrini bölüşüblər.

 

Anım mərasimində Əzəm Ağayevin həyat və yaradıcılığına həsr olunmuş video rolik nümayiş olunub.

 

Sonda mərhum alimin oğlu, atasının yolunun davamçısı, ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

 

Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75 illiyinə həsr edilmiş elmi konfransın M A T E R İ A L L A R I