Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin əməkdaşlarının tələbələrimizlə görüşü olub

Noyabrın 21-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının Azərbaycan Tibb Universitetində tələbələrlə görüşü olub. ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov universitet rəhbərliyi adından qonaqları salamlayaraq, görüşün məqsədi barədə söhbət açıb və onları tələbələrə təqdim edib: “ ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə mən və universitetin Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyevlə BQXK-nin Azərbaycan Nümayəndəliyinin qonağı olduq. Məhsuldar bir görüş keşirildi. Bu da o görüşün nəticəsidir ki, bir yerə toplanmışıq”.

 

Dosent M.Orucov qonaqların BQKX-nin Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynovanı və Nümayəndəliyin əməkdaşı Tərlan Ağayevi tələbələrlə tanış edib. Bildirib ki, BQXK-nin Azərbaycan Nmayəndələrinin əməkdaşları təmsil olunduqları qrumla bağlı sizlərə geniş məlumat verəcək. Həmçinin qonaqlarımız universitetimizdə könüllülərdən ibarət “İlk yardım” alı bir tələbə klubunun təşkil olunmasını, sizlərə bu istiqamətdə təlimlərin keçirilməsini istəyirlər”.

 

Dosent M.Orucov insanlara ilk yardımın əhəmiyyətinin vacibliyinə toxunaraq yeni yaranacaq klubun ölkəmizdə və universitetlər arasında birinci olacağına da ümid etdiyini bildirib.

 

Nümayəndəliyin əməkdaşı Tərlan Ağayev çıxışı zamanı özünün ATU-nun məzunu olduğunu bildirib. O, 10 ildən sonra təkrar ATU-da olmasından, tələbələrlə görüşündən məmnunluğunu izhar edib. Sonra münaqişə zonasında ilk tibb yardımın necə təşkil edilməsi ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib, mövzu ilə əlaqədar video görüntülər nümayiş etdiribdir.

 

Nümayəndəliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova da öz çıxışında BQXK və bu təşkilatın hansı məqsədlə yaradılması barədə tələbələri məlunatlandırıb: “Adından göründüyü kimi Beynəlxalq Qızıl Xaç Komitəsi beynəlxalq qurumdur. Silahlı münaqişələr zamanı münaqişədən əziyyət çəkənlələrə, yaralılara humanitar yardım etmək məqsədilə 1863-cü ildə yaradılıb. Mərkəzi ofisi Cenevrədədir. Təşkilatın Azərbaycan nümayəndəliyi ölkəmizdə Qarabağ münaqişələri ilə əlaqədar fəaliyyət göstərir”.

 

İ.Hüseynova həmçinin BQXC-nin ölkəmizdəki geniş fəaliyyətindən, münaqişə zonalarında görülən işlərdən, saxlanılan şəxslərlə və onların saxlanma şəraiti ilə maraqlanmalarından, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığından, əsirlikdə olan şəxslərin qaytarılmasında təşkilatın missiyasından və s. geniş söhbət açıb.

 

Görüş diskussiya şəraitində başa çatıb. Tələbələri maraqlandıran suallara ətraflı cavab verilibdir.