ATU nümayəndələri Beynəlxalq Konqresdə çıxış ediblər

Bu günlərdə Şimali Kiprin Famagusta şəhərində Tibbi və Aromatik bitkilər üzrə 6-cı Beynəlxalq Konqresi (WOCMAP VI) keçirilib.

 

Kongresdə Azərbaycan Tibb Universitetini (ATU) Ümumi və toksikoloji kimya kafedrasının müdiri prof. Eldar Qarayev və assistent Kəmalə Bədəlova təmsil edib.

 

Konfransın ilk günündə assistent K.Bədəlova “Tərkibində mövcud olan metallar üçün qida əlavələrinin keyfiyyətinə nəzarət”, ikinci günü isə professor E.Qarayev “Azərbaycan Florasından olan Cephalaria və Scabiosa (Dipsacaceae) cinsi bitkilərinin bioloji aktiv birləşmələri” mövzularında məruzə ilə çıxış ediblər.

 

Noyabrın 16-da professor Eldar Qarayev konfransın plenar iclasa sədrlik edib. Noyabrın 13 və 15-də yerli və əcnəbi alimlərin çoxsaylı poster təqdimatları nümayiş etdirilib. Konqresə dünyanın 44 ölkəsindən (Türkiyə, İspaniya, Almaniya, Fransa, Kanada, Braziliya, Argentina, Portuqaliya, ABŞ, İngiltərə, Litva, Bosniya-Hersoqovina, Sloveniya, Cənubi Afrika, Hindistan, Qazaxstan, Tailand və s.) qatılmış 240 nümayəndə - aparıcı elm mərkəzlərindən və ali təhsil ocaqlarından alimlər öz elmi-tədqiqat işlərinin nəticələri haqqında maraqlı məruzələr ilə çıxış ediblər.

 

WOCMAP silsilə konqresləri 1992-ci ildən hər beş ildən bir fərqli qitədə təşkil olunur. Bu Dərman və Aromatik Bitkilər üzrə Beynəlxalq Şuranın (ICMAP) rəsmi konqresidir. Konqres Famagusta şəhərində yerləşən Kaya Artemis Hotelində olduqca zəngin proqram və yüksək təşkilatçılıqla keçirilib.

 

Konqres zamanı ATU nümayəndələri ilə müxtəlif olkələrin alimləri, xarici ali məktəblərin təmsilçiləri arasında səmərəli görüşlər keçirilib, gələcək əməkdaşlıq barəsində danışıqlar aparılıb.