“Allerqologiya və kliniki immunologiyanın müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Noyabrın 23-də Hilton otelində Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Allerqologiya və kliniki immunologiyanın müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransda açılış nitqi ilə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov müzakirəyə çıxarılan mövzunun aktuallığına toxunaraq bütün dünyada allergik xəstəliklərin artdığını deyib. Bildirib ki, əgər XIX və XX əsrlərdə əsas problem allergik xəstəliklərin diaqnostikası ilə bağlı idisə, XXI əsrdə həmin xəstəliklərin müalicəsinə daha çox diqqət yetirilir. Bu baxımdan xüsusi əhəmiyyət daşıyan konfransın işinə uğurlar arzulayan prorektor tədbir iştirakçılarına, xüsusən də qardaş Türkiyə Cümhuriyyətindən təşrif buyuran qonaqlara universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını da çatdırıb.

 

Hələ özünün tələbəlik illərində məşhur allerqoloqların, immunoloqların, o cümlədən 15-ə yaxın akademikin iştirakı ilə belə bir konfransın keçirildiyini xatırladan universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bu ənənənin indi də davam etdirilməsindən məmnunluğunu dilə gətirib. İmmun sistemininin orqanizmin vacib və çox mürəkkəb sistemlərindən biri olduğunu, bu sahənin Azərbaycan Tibb Universitetində geniş tədqiq edildiyini söyləyən professor S.Əliyev bugünkü konfransı aparılan uğurlu araşdırmaların nəticəsi kimi dəyərləndirib.

 

Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin sədri, professor Amaliya Əyyubova çıxışında allerqologiyanın tibbin bütün sahələrini əhatə etdiyini, ona görə də bügünkü konfransa təkcə allerqoloqların deyil, digər mütəxəssislərin də qatılmasının təbii olduğunu vurğulayıb. Qeyd edib ki, allerqoloqların başlıca məqsədi əhalini maarifləndirmək, allergik xəstəliklərin effektli müalicəsinə nail olmaqdır: “Respublikamızda bu istiqamətdə ciddi işlər aparılır, gələcəkdə də beynəlxalq səviyyəli konqres və konfransların keçirilməsi nəzərdə tutulub”.

 

Türk dünyasının fəxri pediatrı, akademik Adilə Namazova da konfransda çıxış edərək xalqımızın sağlamlığı keşiyində dayanan həkimlərimizin fəaliyyətinə yüksək qiymət verib, konfransın işinə uğurlar diləyərək ən xoş arzularını həmkarları ilə bölüşüb.

 

Açılış tədbirinin sonunda konfransın əsas ağırlığını öz üzərinə götürən ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva göstərdikləri dəstəyə görə Səhiyyə Nazirliyinə, ATU-nun rəhbərliyinə, təşkilat komitəsinin üzvlərinə, eləcə də vaxt ayırıb konfransın işində iştirak edən professor-müəllim heyətinə təşəkkürünü bildirib.

 

Bundan sonra elmi məruzələrin təqdimatına başlanılıb.
Allerqologiya və kliniki immunologiyanın praktiki səhiyyədə ən çox rast gəlinən problemləri, uşaqlar arasında ən çox rast gəlinən allerqopatolologiyalar müzakirə olunub.

 

ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyevanın “Xroniki öskürəyin diaqnostika və müalicəsinə müasir yanaşma”, İstanbul Universitetinin Tip fakültəsinin professoru Ferhan Özşekerin “İlaç allerjileri”, ATU-nun Allerqologiya və immunologiya kafedrasının dosenti Aynur Ağayevanın “İrsi angionevrotik ödem” və ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Tahirə Pənahovanın “Uşaqlarda bronxial astmanın diaqnostikasında astma öngörmə indeksinin əhəmiyyəti” mövzusunda elmi məruzələri dinlənilib.

 

Türkiyənin Köç Universitetinin doktoru Emek Kocatürk “Kronik urtiker”, ATU-nun Allerqologiya və immunologiya kafedrasının assistenti İlqar Mustafayev “Uşaqlarda bronxial astma və bronxiolitlərin differensial diaqnostik meyarları”, həmin kafedranın assistenti Ülkər Hümbətova “Uşaqlarda inək südü zülalı allergiyası”, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti Püstə Orucova “Ana südünün immunoloji xüsusiyyətləri”ndən danışıblar.

 

ATU-nun Allerqologiya və immunologiya kafedrasının dissertantı Həmidə Səlimzadənin “Molekulyar allerqodiaqnostika: nəzəriyyədən praktikaya”, II Uşaq xəstəlikləri kafedrasının dissertantı Aytən Cəfərovanın “Atopik bronxial astmalı uşaqlarda vitamin D səviyyəsi və onun korreksiyası” və kafedranın dissertantı Günay Cəbrayılovanın “Uşaqlarda autoimmun tiroiditin patogenezində selen əlavəsinin rolu” mövzusunda elmi məruzələri də maraqla qarşılanıb.

 

Geniş diskussiya şəraitində keçən konfransın gedişində məruzəçilərə ünvanlanan suallar da cavablandırılıb.