Noyabrın 22-23-də Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları “Səmərəli və dayanıqlı tərəfdaşlıq vasitəsilə ali təhsil bacarıqlarının artırılması” mövzusunda təlimdə iştirak ediblər.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və şöbənin mübadilə proqramları üzrə koordinatoru assistent Aygün Bayramova ABŞ-ın Azərbaycandakı Səfirliyi və Xəzər Universitetinin birgə təşkil etdiyi “Səmərəli və dayanıqlı tərəfdaşlıq vasitəsilə ali təhsil bacarıqlarının artırılması” mövzusunda iki günlük təlimdə iştirak ediblər.
Təlim ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi kontekstində idarəetmə və təhsil mütəxəssisləri üçün nəzərdə tutulub. Tədbir Buzovna qəsəbəsində yerləşən Xəzər İnci Hotelində keçirilib.
Təlim ABŞ-ın Kaliforniya ştatının Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun dosenti, beynəlxalq təhsil sahəsində 20 ildən çox təcrübəsi olan Dr. David Wick tərəfindən aparılıb. Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.