Çin Xalq Respublikasının Gansu Əyalətinin təhsil şöbəsinin nümayəndə heyəti ATU-nun qonağı olub

Çin Xalq Respublikasının Gansu Əyalətinin təhsil şöbəsinin nümayəndə heyəti ATU-nun qonağı olub. Universitet rəhbərliyi ilə görüş zamanı Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qonaqlara universitet, universitetin klinikaları, tədris sistemi haqqında geniş məlumat verib.

 

Prorektor R.Bəylərov bildirib ki, ATU-nun Çin ilə mövcud əlaqələri günü-gündən möhkəmlənməkdədir.

 

Şinyan Universiteti ilə ortaq işlərimiz var, Gansu Tibb Universitetində olmuşuq, orada səmərəli görüşlərimiz olub. Bunlarla yanaşı, həçinin Çinin Elmi Araşdırmalar Akademiyası ilə də bir sıra sahələr üzrə çalışırıq. Bu il ATU-da Şərq təbabətinin öyrənilməsinə dair 2 həftəlik kurslar da keçirilib. İnanırıq ki, bu işlərimiz davamlı olacaq" R.Bəylərov qeyd etdi ki, Azərbaycan və Çin arasında dövlət səviyyəsində yüksək əlaqələr, tibb təhsili sahəsində də münasibətlərin genişlənməsinə şərait yaradır.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev ATU-nun beynəlxalq əlaqələri, xarici ölkələrlə olan qarşılıqlı memorandumları, ATU-da təhsil alan əcnəbi tələbələr haqqında məlumat verib. Bildirib ki, ATU-da 35 xarici ölkədən təhsil alan tələbələr arasında Çindən cəmi 1 tələbə var və bu sayı artırmaq üçün potensial mövcuddur.

 

Gansu Əyalətinin təhsil şöbəsinin müdiri Wang Haiyan universitetlər arasında münasibətlərin yaradılmasının vacib olduğunu bildirib: “Burda olduğum müddətdə ATU haqqında, tədris sistemi, klinikalarınız haqqında məlumat aldım. İnanıram ki bu görüş əlaqələrimizin genişlənməsinə, qarşlıqlı tələbə mübadiləsini təşkil etməyə yardımcı olacaq. Çünki inkişaf səviyyəsindən asılı olmayaraq, hər iki tərəfin nələrisə öyrənməsinə, təcrübəsini paylaşmasına ehtiyac var”.

 

Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, əczaçılıq texnologiyası və idaərçiliyi kafedrasının ümdir, professor Məhbubə Vəliyeva, terapevtik və pediatrik propedevtika kafedrasının professoru Rafiq Təhməzov, Gansu Əyalətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Zhang Hong və Kəmər və Elm və Texnologiya Yol Birliyinin Baş katib müavini, PHD Li Renying iştirak edirdilər.