Noyabrın 20-22-də “Sağlamlıq, rifah və təhsil: dayanıqlı gələcəyin qurulması” mövzusunda Sağlamlığı Təşviq edən Məktəblər üzrə 5-ci Avropa Konfransı keçirilib. Moskvada Dünya Səhiyyə Təşkilatının Avropa regional bürosu, Avropa “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi (School Health Education - SHE) və Rusiya Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq toplantıda 500-ə yaxın qonaq iştirak edib.
Konfransa Azərbaycan, Almaniya, Fransa, Böyük Britaniya, Norveç, Niderland daxil olmaqla ümumilikdə 53 ölkədən tibb mütəxəssisləri qatılıblar. Azərbaycan nümayəndə heyətində Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının professoru Hüseyn Qabulov, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri dosent Şəhla Balayeva, kafedranın dosenti Zöhrə İsmayılova, kafedranın doktorantı Qoşqar Orucov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSIM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyinin İlkin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynur Zeynalova, İSIM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov təmsil olunublar.
Konfransın əsas məqsədi məktəblilərin sağlamlığının qorunması, təhsil keyfiyyətinin yüksəldilməsi, tədris prosesi zamanı uşaq və yeniyetmələrin fiziki və psixi rifahının təmin edilməsi sahəsində müxtəlif təşkilatların birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulamaqdan ibarət olub.
Həmçinin, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq və uğurlu nəticələri müzakirə etmək də tədbirin hədəflərinə aiddir.
Bu mötəbər tədbirdə ATU-nun əməkdaşları ali məktəbi aktiv təqdim ediblər. Hüseyn Qabulov “Uşaqların sağlamlığının qorunmasında sektorlararası qarşılıqlı təcrübə”, Şəhla Balayeva “Məktəblilərin sağlamlığı təhsil müəssisəslərinin sağlamlığı qoruma fəaliyyətinin səmərəliliyinin göstəricisi kimi”, Qoşqar Orucov “Azərbaycan məktəblərində zorakılığın profilaktikası” mövzuları üzrə ingilis dilində təqdimatla çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri konfrans zamanı müxtəlif mövzular üzrə təşkil edilən sessiya və müzakirələrə də qatılıb. Konfransın son günü “Məktəblərdə sağlamlığın qorunması” üzrə Moskva Bəyannaməsi qəbul edilib.