ATU rektoru “5 günlük rezident ol” layihəsinin iştirakçıları ilə görüşdü
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov "5 günlük rezident ol" layihəsi üzrə seçilmiş tələbələrlə görüşüb. Görüş zamanı rektor qalib çıxan tələbələri bu münasibətlə təbrik edib, onlara layihə çərçivəsində qazanacaqları üstünlüklər barədə söz salıb.
Akademik Ə.Əmiraslanov layihənin artıq 2-ci dəfə keçirildiyini, tələbələr arasında bu proqramın getdikcə daha çox populyarlaşdığını qeyd edib: "Rezidentura proqramı tələbələr üçün çox önəmlidir. Axı rezident artıq həkim deməkdir. Odur ki, bu layihənin tələblərin həkimlik həyatına hazırlıq üçün bir əsas olduğunu demək də olar".
Görüş əsnasında tələbələri maraqlandıran digər məsələlər - test imtahanları, klinikalarda aparılan əməliyyatlar və s. barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "5 günlük rezident ol" layihəsində bu dəfə 50-yə yaxın tələbə iştirak edir. 5 gün ərzində tələbələrdən 19-u Tədris Terapevtik Klinikada rezident kimi çalışacaq. Onlar aşağıdakı bölmələr üzrə paylaşıblar: Daxili xəstəliklərin propedevtikası - 5 nəfər, Endekrinologiya - 3 tələbə, Nevrologiya- 3 nəfər, Ultrasəs müayinəsi, Şüa Diaqnostikası, Daxili xəstəliklər və uşaq xəstəlikləri bölmələrinin hər birində 2 nəfər.
Yerdə qalan tələbələr isə rezident kimi güclərini 1 nömrəli şəhər xəstəxanasında sınayacaqlar: İmmunologiya, Psixiatriya, Terapevtik stomatologiya, Dəri zöhrəvi və Patanatomiya şöbələrinin hər birində 2 tələbə, Ginekologiya, mikrobiologiya laboratoriyası və Epidemioloji laboratoriyada hər birində 3 nəfər, Cərrahi xəstəliklər və ümumi cərrahiyyədə 5 tələbə, nəhayət Ağız-üz-çənə cərrahiyyəsi şöbəsində 1 tələbə rezident olacaq.