Bakı Mühəndislik Universitetinin (BMU) və Milli Erasmus + Azərbaycan Ofisinin təşkilatçılığı ilə Avropa İttifaqının Texniki Dəstək Missiyasının (TAM) proqramı çərçivəsində “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı ikigünlük beynəlxalq seminar öz işinə başlayıb.
Təlimdə Təhsil Nazirliyinin, beynəlxalq qurumların, ölkədə fəaliyyət göstərən ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Seminarda Azərbaycan Tibb Universitetini tədbirdə innovasiya şöbəsinin müdiri Nigar Sədiyeva, tədris hissə müdiri Samir Cavadov və elmi katibi Nazim Pənahov təmsil edib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Rektor Prezident cənab İlham Əliyevin görülən işlərin davam etdirilməsi məqsədilə imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na toxunub.
Milli Erasmus + Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov layihənin Azərbaycanda yaranma tarixindən və önəmindən danışıb.
İspaniyalı professor, xanım Cecila Ruiz Esteban Avropa ali təhsil bölgəsində keyfiyyətin təminatı haqqında danışıb və Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün tövsiyələrini verib. O, Avropa İttifaqına qoşulan universitetlər, proqramlar və universitetlərə ayrılan maliyyə yardımlarından söz açıb, müəllim və tələbələrin bu layihələrdə iştirakını müsbət qiymətləndirib.
Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.