Əsaslı kitabxanada növbəti qiraət günü keçirilib

Dekabrın 4- də  Əsaslı kitabxanada “ATU- nun inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolu” mövzusunda növbəti qiraət günü  keçirilib.

 

Tədbiri açan kitabxananın direktoru, tarix ü.f.d. Ziyafət Eminova şərəfli  inkişaf yolu keçmiş Azərbaycan Tibb Universitetinin ölkəmizdə ali təhsilli tibb kadrları hazırlayan yeganə tədris ocağı kimi respublikamızın  tarixindəki xüsusi mövqeyə malik  olduğunu qeyd edib. O, vurğulayıb ki, tibb elminin inkişafında xüsusi rolu olan  Azərbaycan Tibb Universiteti Bakı Dövlət Universitetinin bir fakültəsi kimi fəaliyyətə başlamış və 1930- cu ildən müstəqil ali təhsil müəssisəsinə çevrilmişdir.  Sözünə davam edən Z. Eminova SSRİ məkanında tibb kadrlarının hazırlanmasında əvəzsiz rolu olan  ATU- nun qabaqcıl təhsil müəssisəsinə çevrilməsində görkəmli dövlət və elm  xadimi Əziz Əliyevin xidmətlərindən söhbət açıb: “ 1932- 1938- ci illərdə bu təhsil müəssisəsinə rəhbərlik etmiş professor Əziz Əliyevin çoxsahəli fəaliyyəti, müstəsna xidmətləri bu gün də hörmətlə yad edilir. Onun rəhbərliyi dövründə ilk tibbi dərsliklər yazılmış, rus dilində olan bir sıra dərs vəsaitləri dilimizə tərcümə edilmiş, kitabxanamızın fondu keçmiş sovet respublikalarından gətirilən tibbi ədəbiyyatla zənginləşdirilmişdir”. 

 

Çıxışında ATU- nun inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolundan geniş bəhs edən natiq dedi ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dörlərdə universitetimizə olan diqqət və qayğısı sayəsində bu təhsil ocağının maddi- texniki bazasının və elmi potensialı daha da  güclənib:“Səhiyyənin inkişaf etdirilməsi dövlətimizin hər zaman ən ümdə problemlərindən biri olub. Bu baxımdan ATU- nun maddi- texniki bazası möhkəmlənmiş, müasir avadanlıqlarla təmin edilmişdir.  Yeni yaradılan bu tədris binaları və eləcə də  öz unikallığı ilə seçilən universitetimizin  klinikaları ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır”.

 

Kitabxananı ATU-nun əsas struktur bölməsi olduğunu diqqətə çatdıran Z. Eminova bildirdi ki, son dövrlər oxuculara kitabxana xidmətinin yaxşılaşdırılması, tələbələrin dərsliklərlə təminatı, müasir tələblərə cavab verən proqramların yerinə yetirilməsi sahəsində bir çox  uğurlar əldə edilib.  Bu nailiyyətləri universitet rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi kimi dəyərləndirdi: “ Müasir dövrdə yüksək elmi- texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intelektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tələblərə uyğun ATU-da Elektron Universitetinin yaradılması uğurla davam etdirilir. Yaxın vaxtlarda  Əsaslı kitabxanada da mükəmməl şəkildə Elektron Kitabxananın yaradılması üçün hazırlıq işlərinə başlanılmışdır”.

 

Toplantıda çıxış edən kitabxananın əməkdaşı Əsgər Əsgərov dedi ki, vaxtilə ümummilli lider Heydər Əliyevin səhiyyə və tibb sahəsinə, eyni zamanda  Azərbaycan Tibb Universitetinə göstərdiyi böyük diqqət və qayğsı bütün sahələrdə olduğu kimi universitetimizdə də sürətli inkişafa səbəb olmuşdur. Həmin strateji inlişaf yolunu bu gün cənab prezidentimiz  İlham Əliyev layiqincə davam etdirir. 

 

Qeyd edək ki, bu tədbirlərin ardıcıl olaraq keçirilməsi ATU - nun rektoru, professor Gəray Gəraybəylinin əmrinə əsasən  Azərbaycan Tibb Universitetinin qarşıdan gələn 90 illik yubileyi haqqında görüləcək tədbirlər planına uyğun təşkil olunur.