İctimai fənlər kafedrasında İmadəddin Nəsimi yenidən anıldı

Dekabrın 5-i Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan adıçəkilən kafedranın müdiri, professor Qoqar Əliyev şairin həyatı və yaradıcılığı ilə bağlı geniş məlumat verib. Onun təkcə Azərbaycan poeziyasına deyil, eyni zamanda Şərq poeziyasına verdiyi nadir incilərdən, bənzərsiz töhfələrdən söhbət açıb. Şairin qəzələrindən nümunələr söyləməklə, onun fəlsəfi mahiyyətinin tam şəkildə izahını veribdir.

 

Sonra kafedranın professoru, tarixçi alim Fəxrəddin Məmmədov İmadəddin Nəsiminin həyat və yaradıcılığının kölgədə qalan və geniş ictimaiyyətə bəlli olmayan məqamlarından söhbət açıb. Şairin edamının isə yazdığı şeirlərlə heç bir əlaqəsi olmadığını, siyasi görüşlərinə görə edam edildiyini qeyd edib. Dini elmləri kamil şəkildə mənimsəyən Nəsimini sovet dövründə xalqa düzgün təqdim olunmadığını bildirən professor F.Məmmədov şairin Hələbdə 1000 nəfərin namaza durduğu məscidə müfti seçildiyini də qeyd edib.

 

Şair-həkim Fəxrəddin Ziya da öz çıxışında İmadəddin Nəsiminin yaradıclığının bənzərsizliyindən, fəlsəfəsinin dərinliyindən söhbət açıb. Şairə həsr etdiyi şeiri iştirakçıların diqqətinə çatdırıb.
Kafedranın əməkdaşı Firuzə Musayevanın qiraətində “Ağrımaz” qəzəli alqışla qarşılanıb.

 

Tədbirin sonunda dünya şöhrətli müğənni Sami Yusifin ifasında səsləndirilən “Sığmazam” qəzəlinin video-roliki nümayiş etdirildi. Bənzərsiz ifa tədbir iştirakçılarına xüsusi bir ovqat bəxş edib.