Beynəlxalq Könüllülər Günü münasibətilə şahmat çempionatı keçirilib

Noyabrın 5-də Beynəlxalq Könüllülər Günü münasibətilə ATU-nun İdman kompleksində şahmat çempionatı keçirilib.

 

Tədbir iştirakçılarını salamlayan I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov tələbələrimizin intellektual oyunlara xüsusi həvəs göstərməsindən məmnun qaldığını söyləyib. Tələbəlik illərində özünün də könüllü fəaliyyət proqramlarında iştirak etdiyini deyən dekan bu fəaliyyəti dövlətə və dövlətçiliyə təmənnasız xidmət kimi dəyərləndirib. Bildirib ki, könüllü fəaliyyət gənclərin peşəkarlaşmasında, gələcək işlərində böyük rol oynayır. O, Avropa, İslam Həmrəyliyi oyunlarında və digər beynəlxalq oyunlarda universitetimizin yaxından iştirak etdiyini, bu ənənənin indi də yüksək səviyyədə qorunduğunu vurğulayıb. Könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli iş aparıldığını diqqətə çatdıran E.Novruzov bu günkü yarışın iştirakçılarına da uğurlar arzulayıb.

 

İdman klubunun sədri, professor Kamal Kəbirlinski respublikamızın 25 ali məktəbi arasında keçirilən Universiadalarda idmançı tələbələrimizin qazandığı uğurlardan söhbət açıb.

 

Səhiyyə Nazirliyinin könüllülər üzrə koordinatoru Vüsalə Səfərova da tədbirdə çıxış edərək gənc şahmatçılara müvəffəqiyyətlər diləyib.

 

Qeyd edək ki, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən yarışa müxtəlif kurslar üzrə 24 tələbə qatılıb. I müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Süleyman Əlləkbərov I, II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Usub Yusifov II və II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Tofiq Məmmədov III yerə layiq görülüb. Yarışın qaliblərinə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.