Dekabrın 6-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında universitetin Tələbə Gənclər Təşkilatının “Sağlamlıq” klubunun təşkilatçılığı ilə seminar keçirilib.
Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Günay Quluzadə “Sağlam qidalanaq və zərərli vərdişlərə yox deyək!” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində zərərli qidaların insan orqanizminə mənfi təsirindən, zərərli vərdişlərdən necə xilas olmanın yollarından söhbət açıb. Bildirib ki, hər kəs çalışıb sağlam qidalanmalı, bu yolla zərərli vərdişlərdən özünü qorumalıdır. G.Quluzadə seminar iştirakçılarını əsasən, “fast-fud”, “əlüstü yeməklər”, transyağ daşıyıcısı olan qidalar, fri-kartofu, cipsilər, qazlaşdırılmış şirin sular, qarışıq maddlər olan qidalardan uzaq durmağı tövssiyə edibdir. Bu cür qidaların davamlı qəbul olunmasının bir sıra xəstəliklərə yol açdığını vurğulayıb.
O, zərərli qidaların insan orqanizminə tədricən ziyan vurması ilə yanaşı, artıq çəkinin, piylənmənin yaranmasına, həmçinin mədə-bağırsaq, ürək-damar, beyin-damar sistemləri, xərcəng, diabet və s. xəstəliklərə səbəb olduğunu bildirib. Hansı qidaların zərərli olduğu barədə video-görüntü ilə seminar iştirakçılarının diqqətinə çatdırıb.
Məruzəçi tütün və tütün məmulatlarının, alkoqollu içkilərin və narkotik maddələrin də insan orqanizmi üçün zərərli olması barədə tələbələrə ətraflı məlumat verib, onlara istifadədən çəkinməyi məsləhət bilib. Sonda G.Quluzadə tələbələri maraqlandıran çoxsaylı sualları ətraflı şəkildə cavablandırıbdır.