“Somatik xəstəliklər və komorbid vəziyyətlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb

Dekabrın 10-da ATU-nun Tədris Terapevtik Klinikasında “Somatik xəstəliklər və komorbid vəziyyətlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

 

Əvvəlcə konfrans iştirakçılarını salamlayan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edib. Bugünkü konfransın proqramına Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan alimlərinin təqdimatında 35 məruzənin daxil edildiyini söyləyən rektor somatik xəstəliklərin tədqiqinə və müalicəsinə bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi diqqət ayrıldığını vurğulayıb. Qeyd edib ki, ölkəmizdə infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində dövlət proqramının hazırlanması bu sahədə mövcud olan problemlərin həlli üçün geniş imkanlar yaradır.

 

Təbabətdə qarşılıqlı elmi mübadilələrin böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran professor G.Gəraybəyli bu baxımdan tanınmış mütəxəssislərin qatıldığı beynəlxalq konfransda somatik xəstəliklərin müxtəlif sahələrinə dair ən aktual problemlərin yüksək səviyyədə müzakirə olunacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

 

Rusiya Elmlər Akademiyasının akademiki Anotoli Martınov və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Saule Abseutova da konfransda çıxış ediblər. Azərbaycana işgüzar səfərlərindən məmnun qaldıqlarını söyləyən qonaqlar yaradılan şəraitə görə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə də təşəkkürlərini bildiriblər.

 

Sonra konfrans öz işini ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun sədrliyi ilə plenar iclaslarla davam etdirib.

 

Plenar iclasın ilk bölümündə Rusiya Elmlər Akademiyasının akademiki Anotoli Martınov, Azərbaycan Tibb Universitetinin Klinik farmakologiya kafedrasının professoru Yusif Nağıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, akademik M.Cavadov adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babaev, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Saule Abseutova, I Daşkənd Tibb Akademiyasının daxili xəstəliklər kafedrasının professoru Nərgiz Nurullayeva və Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Mərkəzinin Ürək-damar risklərinin qiymətləndirilməsi laboratoriyasının müdiri, professor Mehman Məmmədovun məruzələri dinlənilib.

 

Daha sonra kardiologiyanın, somatik xəstəliklərin və şəkərli diabetin aktual problemlərinə aid məruzələr ətrafında müzakirələr aparılıb.

 

Sabah konfrans öz işini yeni məruzələrin dinlənilməsi və müzakirəsi ilə davam etdirəcək.