
Vətənə xidmət etmək, insan sağlamlığının keşiyində dayanmaq və hərbi həkim kimi şərəfli peşəyə yiyələnmək istəyən gənclər üçün Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsi böyük imkanlar açır. Bu məsuliyyətli və qürurverici yola qədəm qoymaq istəyən namizədlər aşağıdakı mərhələlərdən keçirlər:
1. Sənəd qəbulu:
Qəbul prosesi namizədlərin sənədlərini elektron qaydada, rəsmi internet səhifəsi (mmu.edu.az) vasitəsilə təqdim etməsi ilə başlayır. Bu mərhələ gələcəkdə hərbi həkim olmaq arzusunun ilk addımı hesab olunur.
2. Tibbi müayinə:
Sənədləri tam və düzgün qaydada təqdim olunmuş namizədlər tibbi müayinəyə cəlb edilirlər. Müayinənin əsas məqsədi onların sağlamlıq vəziyyətinin hərbi təhsil almaq və gələcəkdə üzərlərinə düşəcək məsul vəzifələri yerinə yetirmək üçün uyğunluğunu müəyyən etməkdir.
3. Fiziki hazırlıq səviyyəsinin və fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi:
Tibbi müayinədən uğurla keçən namizədlər növbəti mərhələdə öz fiziki hazırlıqlarını və mənəvi-psixoloji keyfiyyətlərini nümayiş etdirirlər. Fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir və namizədin dözümlülüyü, çevikliyi və iradəsi yoxlanılır.
Fərdi-psixoloji qiymətləndirmə zamanı isə namizədin xarakteri, liderlik keyfiyyətləri, ünsiyyət bacarıqları, məsuliyyət hissi, çətin şəraitdə qərarvermə qabiliyyəti və stresə davamlılığı öyrənilir. Çünki hərbi həkim yalnız tibbi biliklərə malik mütəxəssis deyil, eyni zamanda ən mürəkkəb anlarda insan həyatını xilas etmək üçün soyuqqanlılıq və qətiyyət nümayiş etdirən zabitdir.
Hərbi Tibb Fakültəsinə qəbul sadəcə təhsil almaq deyil, həm də yüksək vətənpərvərlik ruhu, peşəkarlıq və fədakarlıq tələb edən şərəfli bir missiyaya qoşulmaq deməkdir. Bu yolun sonunda həm Vətənə sədaqətlə xidmət edən zabit, həm də insan sağlamlığının keşiyində duran peşəkar həkim yetişir.