Azərbaycan Tibb Universitetində hər fakültə üzrə rəhbər nümayəndələrin aşağı kurs tələbələri ilə görüşləri davam edir. Növbəti belə görüş dekabrın 17-də Müalicə profilaktika fakültəsinin 1-2-ci kurs tələbələri ilə baş tutub.
ATU-nun Müalicə profilaktika fakültəsinin dekanı dosent Elşad Novruzovun sözlərinə görə, görüşdə aralıq qiymətləndirmənin (kollokvium) gedişi ilə bağlı tələbələrin fikirləri və iradları, prosesin daha effektiv olması üçün təklifləri dinlənilib. Qeyd olunub ki, bir gün ərzində keçirilən ikimərhələli aralıq qiymətləndirmədə fərqli sualların salınması, sualların sayının artırılması məqsədəuyğundur. Çünki belə olanda, birinci mərhələdə kollokviumdan keçən tələbələr sualların cavabını digərlərinə söyləyir. Həmçinin, qiymətləndirmə üçün testlərin quruluşunun dəişdirilməsi təklif edilib.
E.Novruzovun sözlərinə görə, fakültə rəhbərliyinin iştirak etdiyi görüşdə tələbələr digər məsələlərə də diqqət çəkiblər: “Məsələn, qeyd olundu ki, 3 həftə davam edən aralıq qiymətləndirmə zamanı tələbələrin ixtisas fənni ilə məşğul olmasına vaxtları qalmır. Ona görə də qiymətləndirmənin tam bir həftədə aparılması və bu müddət ərzində dərslərin təxirə salınması təklif olundu. Belə olarsa, tələbələr digər fənlərdən geri qalmazlar. Digər məsələ - adətən ikinci aralıq qiymətləndirməyə birinci sınağın sualları da salınır. Tələbələr bu sualların fərlqəndirilməsini də istədilər”.
Müalicə profilaktika fakültəsinin 1-2-ci kurs tələbələri ilə görüşdə ATU-nun tədris şöbəsinin mediri dosen Samir Cavadov, təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, dosent Nigar Sədiyeva, fakültənin dekan müavini Mahir Quliyev iştirak ediblər. Tələbələrin qaldırdığı məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Bəzi təkliflər isə ətraflı müzakirə olunaraq yekun qərar verilməsi üçün universitet rəhbərliyinə təqdim edilib.