(+99412) 597-38-98
Tədris Terapevtik Klinikanın tibbi şurasının genişləndirilmiş toplantısı oldu
Fevralın 13-də Tədris Terapevtik Klinikanın tibbi şurasının genişləndirilmiş toplantısı oldu. Tibbi personalın qatıldığı toplantını klinikanın direktoru, professor Surxay Musayev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
"Klinikanın 2013-cü ildə müalicə-diaqnostik fəaliyyətinin yekunları haqqında" klinikanın baş həkimi, dosent Ramin Bayramlı geniş hesabat məruzəsi ilə çıxış etdi. İlk növbədə klinikada yaradılan şəraitə, əməkdaşlara göstərilən qayğıya görə ölkə və universitet rəhbərliyinə təşəkkürünü bildirən baş həkim əsas diqqəti 2012-ci il illə müqayisədə qazanılan uğurlara yönəltdi. O, hesabatını əsasən statistik rəqəmlər üzərində quraraq paralelər apardı, göstəricilərin nəzərəçarpacaq dərəcədə yüksəldiyini slaydlar vasitəsilə nümayiş etdirdi.
Nevroloq, terapevt, pediatr, kardioloq, mikrobioloq, nefroloq, radioloq, revmatoloq, reanimatoloq və qastroenteroloq ixtisasları üzrə klinikada hazırlıq keçən həkim-rezidentlərin fəaliyyətləri üçün də hər cür şərait yaradıldığını vurğulayan R.Bayramlı daha çox 2013-cü ildə reallaşan yeniliklər üzərində dayandı. Qeyd etdi ki, artıq 24 saatlıq iş rejiminə keçilmiş, bu rejimin hematologiya, endokrinologiya, nevrologiya şöbələrində və mərkəzi laboratoriyada tətbiqinə başlanılmışdır.
Toplantıda çıxış edən kafedra müdiri Əlihüseyn Hidayətov bütün sahələrdə aparılan yeniliklərdən danışaraq gələcəkdə daha böyük uğurların qazanılacağına inandıqlarını söylədi.
Şüa-diaqnostika şöbəsininin müdiri Aydın Əliyev ümummilli liderimiz Heydər Əliyevin "İşləmək istəyən iş axtarır, işləmək istəməyən bəhanə"deyimini xatırladaraq bu şəraitdə inkişaf etməyən insanın problemi özündə axtarmalı olduğunu dedi.
I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov klinikada konsiliumların genişləndirilməsini və ölüm hadisələrinin müzakirəsini zəruri saydı.
Universitetin elmi işlər üzrə prorektoru, professor Sabir Əliyev klinikada rezidentlərlə işin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Prorektor onu da qeyd etdi ki, kənar bazalarda yerləşən kafedralarda rezidentlərin işi ilə bağlı eyni sözləri demək olmaz, çoxlu şikayətlər gəlir.
Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik ekspertiza Mərkəzinin baş mütəxəssisi Gülnarə Daşdəmirova tibbi istifadəsinə icazə verilmiş dərman vasitələrinin əlavə təsirlərinə nəzarət üzrə təlimat haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdi.
S.Musayev tədbirə qatılan qonaqlara, Səhiyyə Nazirliyi Analitik ekspertiza Mərkəzinin direktor müavini Pərvanə xanım Şəfiyevaya və klinikanın əməkdaşlarına bir daha təşəkkürünü bildirərək çıxışlarda səslənən fikirlərə də aydınlıq gətirdi.