Azərbaycan Tibb Universitetinin (ATU) fakültələri aylıq elmi şura iclaslarına start veriblər. ATU-nun əczaçılıq fakültəsində 2020-ci ilin ilk fakültə elmi şurası keçirilib. Fakültə dekanı, dosent Kamandar Yaqubov gündəlikdə duran məsələləri toplantı iştirakçılarının diqqqətinə çatdırıb. Dekan K.Yaqubov əczaçılıq fakültəsində 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti ilə maraqlanıb, imtahanların mütəşəkkil keçirilməsində fakültə kollektivinin qarşısında duran vəzifələrdən danışıb. O, imtahan suallarının sayı və tərtibatı ilə bağlı kafedra müdirləri, ekspertlərə müvafiq tapşırıqlarını verib.
İclasda Əczaçılıq texnologiyası və idarəciliyi kaferasının illik hesabatı da müzakirəyə çıxarılıb. Hesabatı Əczaçılıq texnologiyası və idarəciliyi kaferasının müdiri professor Məhbubə Vəliyeva təqdim edib.
Elmi Şurada həmçinin müəyyən müsabiqələrdə yüksək nəticə göstərən əczaçılıq fakültəsi tələbələri təltif olunublar. 817 A-1 qrup tələbəsi Qəmər Məmmədbəyli “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adı uğrunda keçirilən beynəlxalq müsabiqınin qalibi kimi, 817 A-4 qrup tələbəsi Günay Vəlizadə və 519 A-1b qrup tələbəsi Mahirə Sarıyeva isə YAP Nəsimi rayon təşkilatı tərəfindən keçirilən “Qarabağ Azərbaycandır” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri kimi fakültə və universitetin rəhbərliyi adından diplom və hədiyyələrlə təltif olunublar.