Yanvarın 17-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında Böyük Britaniyanın London Kollec Universitetinin “Tibbi və reablitasiya” proqramının rəhbəri, professor Maykl Pol Luzmorla görüş keçirilib.
Hörmətli qonağı toplantı iştirakçılarına təqdim edən Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirdi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında artıq 2017-ci ildə ingilis dilli “İdman və Tibbi reabilitasiya” proqramı fəaliyyət göstərir. Bu proqramın direktoru London Kollec Universitetinin professoru, beynəlxalq boks federasiyasının tibbi komissiyasının sədri, Britaniyanın milli olimpiya komandasının Baş həkimi Maykl Pol Luzmordur.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə məlumat verdi ki, magistr proqramı modul tipli proqramdır. Modullardan birinin tədrisi Böyük Britaniyanın paytaxtı London şəhərində İdman, fiziki hərəkətlər və Sağlamlıq İnstitutunda, İngiltərə İdman İnstitutunda və London Kollec Universitetində keçirilir.Tələbələr orada praktika keçir, pasiyentlərlə və idmançılarla işləyir. Bu universitet Kembric və Oksford universitetlərindən sonra 3-cü olmaqla dünyanın 70 min universiteti içərisində 8-ci yerdədir.
Burada modul zamanı tədris aparan müəllimlər İdman, fiziki hərəkətlər və Sağlamlıq İnstitutunun və London Kollec Universitetinin professorlarıdır. Onlar dünyanın bir çox universitetlərində iş və tədris təcrübəsinə malikdirlər və eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistrlərinə da dərs deyirlər. Tədris prosesinin sonunda fərqlənmə ilə oxuyan magistrlərin London Kollec Universitetində PHD etmək imkanı olur.
Sonra professor Maykl Pol Luzmor Azərbaycanda olmağından məmnun qaldığını söylədi və dünyada, eləcə də ölkəmizdə baş tutan idman yarışları zamanı həyata keçirilən bir sıra layihələrin və proqramların hazırlanmasında onların məzunlarının apardıqları işlərdən bəhs etdi. Onların proqramının modul tipli olduğunu və birinin digərinin ardınca həyata keçirildiyini qeyd edən professor dedi ki, ölkəmizdə keçirilən “Avropa oyunları”nın açılış mərasimi, “İslam oyunları” və “Formula-1” yarışlarının dünya səviyyəsində hazırlanmasını misal çəkmək olar.
Fiziki hərəkətin insanlara sağlam həyat bəxş etdiyini deyən professor bir sıra ağır xəstəliklərin məhz idmanla aradan qaldırıldığını və sağlam həyat tərzini qoruyub saxlamaq üçün idmanın bir çox növləri üzrə məşğul olmağın zəruriliyini vurğuladı.
Çıxışının sonunda professor Maykl Pol Luzmor toplantı iştirakçılarının suallarını da cavablandırıb.
Görüşdə universitetin rezidentura şöbəsinin müdiri, professor Nailə Sultanova, universitet klinikalarının rezidentləri, həmçinin rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi Namiq Xəlilov da iştirak edirdilər.