Üç yaşlı uşaq uğurla əməliyyat olundu

Cərrahiyyə Klinikasının həkimi ölkəmizdə ilkə imza atıb

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Dr. Ramal Həsənov ölkəmizdə bir ilkə imza atıb. Ebstein anomaliyası diaqnozu ilə Klinikaya qəbul edilən 3 yaşlı Cahid Nəsirovu əməliyyat edib. Xəstəliyin xüsusiyyəti ilə bağlı məlumat verən cərrah R.Həsənov bildirib ki, Ebstein anomaliyası anadangəlmə ürək xəstəliklərinin bir faizdən də azına rast gəlinən bir xəstəlikdir. Həkimin sözlərinə görə, bu anomaliya ilk dəfə Wilhelm Ebstein tərəfindən 1866-cı ildə aşkar edilib: "Etiologiyası multifaktorialdır. Bu tipli xəstələrdə trikuspid qapağın septal və posterior lifletinin sağ ventrikul apeksinə doğru anormal yerləşimi mövcud olur. Sağ ventrikulun həqiqi anulus səviyyəsi ilə yalançı anulus səviyyəsi arasındakı sahə atrializə olur. Sağ ventrikulun ümümi həcmi bununla bağlı olaraq azalır".

 

Cərrah R.Həsənov Ebstein anomaliyasının ağırlıq dərəcəsindən asılı olaraq 4 tip olduğunu bildirib. C.Nəsirovda 3-cü tip Ebstein anomaliyası və ASD (Qulaqcıqlararası Çəpər defekti) aşkarlandığını qeyd edib. Xəstə elektofizioloji müayinə olunan zaman hər hansı bir aberrant yol aşkarlanmadığını deyib: ”Xəstədə Da-Silvanın Cone proseduru ilə tricuspid qapaq təmiri həyata keçirildi. Onda yuxarı boş vena və sağ ağciyər arteriyası arasında ikiyönlü kavo-pulmonar anastomoz (Glenn) qoyuldu və ASD qapadıldı. Bunlarla yanaşı, həmçinin sağ mədəcik və sağ qulaqcıq reduksiyası edildi. Xəstə 3 gün reanimasiya şöbəsində qaldı və 10-cu gün yaxşılaşma ilə evə yazıldı”.

 

Qeyd edək ki, bu əməliyyat 10 ilə yaxındır ki, kəşf olunub və dünyanın nüfuzlu tibbi mərkəzlərində icra olunur.
Cahidin nənəsi Təranə Nəsirova 3 yaşlı nəvəsinin anadangəlmə ürək qüsurlu doğulduğunu, xəstəlikdən əməliyyata qədər xeyli əziyyət çəkdiyini bildirib. Ölkənin müxtəlif xəstəxanalarına müraciət etmələrinə baxmayaraq, əməliyyatı heç bir həkim öhdəsinə götürməyib. Yalnız cərrah R.Həsənov bu ağırlığı çiyinlərinə götürərək uğurla başa çatdırıb. Əməliyyat olunduğu 10 gün ərzində nəvəsində xeyli irəliləyişin olduğunu bildirən nənə, C.Nəsirovda əsasən təngənəfəsliyin aradan qaldırıldığını bildirib.

 

Nənə, uşağın valideynləri Nurlan və Ağca Nəsirovlar belə bir əməliyyatı uğurla həyata keçirdiyinə və övladlarını yenidən həyata qaytardığına görə, həkimə dərin təşəkkürlərini bildirib.