İki kafedra birlikdə ortaq seminar keçirib

ATU-nun Tədris Cərrahiyyə Klinikasında I Cərrahi xəstəliklər və II Mama ginekologiya kafedralaları birlikdə ortaq seminar keçiriblər.

 

Növbəti seminarı açan I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvi, professor Nuru Bayramov gündəliyə keçməzdən öncə bildirdi ki, təqdim olunan məruzələr cərrahiyyə və ginekologiyaya aiddir və belə məsələlərdə birləşmək faydalıdır: “Adından da göründüyü kimi bu gün təqdim olunan məruzələr ginekoloqlarla cərrahlar arasında ortaq mövzuları əhatə edir. Təcili cərrahi məsələlər, ortaq patologiyalar, müştərək patologiyalar və sair... Bunlara yanaşmanı birlikdə müzakirə edəndə daha faydalı olur və daha yaxşı nəticə verir. Biz əvvəllərdə bir neçə dəfə bir yerdə tədbir keçirmişik. Düşünürəm ki, belə olan halda iki kafedranın müəllimləri və elmi rəhbərləri bir araya gəlir, bir- birinə dəstək verirlər. Mən inanıram ki, bu müştərək iş gələcəkdə də davamlı olacaq”.

 

Sonra I Cərrahi xəstəliklər kafedrası üzrə III kurs rezidenti Fərhad Əhmədov “Hamiləlik dövründə rast gəlinən cərrahi patologiyalar” və II Mama ginekologiya kafedrası üzrə isə II kurs rezident Səbinə Mustafayeva “ Çoxdöllü hamiləliklərin aparılması və ağırlaşmaları. Monoxorionik və diamniotik hamiləliklərdə baş verən ağırlaşmalar zamanı son dövrlər ən çox istifadə edilən müalicə üsulları” mövzusunda çıxış etdilər.

 

Seminar iştirakçıları tərəfindən diqqətlə dinlənilən hər iki mövzu geniş marağa səbəb oldu və məruzəçilərə verilən çoxsaylı suallar cavablandırılıbdır.

 

Hər iki kafedranın əməkdaşlarının qatıldığı tədbirdə ATU-nun Rezidentura şöbəsinin müdir müavini, assistent Gülay Məmmədzadə, Rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi, assistent Namiq Xəlilov və I Cərrahi xəstəliklər kafedrasının rezidentlər üzrə məsul şəxsi, assistent Azər Hümmətov da iştirak ediblər.