Baş beyində qansızma olan xəstə əməliyyat edilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında beyninə qansızma olan xəstə uğurla əməliyyat olunub. Neyrocərrah, dosent Rövşən Xəlilzadənin sözlərinə görə, xəstə 52 yaşlı qadın olub.

 

“Xəstə Yevlax rayonundan klinikamıza şüursuz halda, koma vəziyyətində çatdırılıb. Müayinələr nəticəsində baş beyinə qansızma aşkarlanıb. Qansızmanın mənbəyini müəyyənləşdirmək üçün biz kompüter tomoqrafik angeoqrafiya apardıq. Bu müayinənin özünün də unikallığı var. Müayinə nəticəsində baş beyin arteriyalarının anevrizması, yəni  damar divarının şar şəkilli böyüməsi aşkar olunub”.

 

R.Xəlilzadənin sözlərinə görə, divarın böyüməsi nəticəsində damarın partladığı və beyinə qan sızdığı aşkarlanıb. Buna görə də TCK həkimləri əməliyyata qərar veriblər.

 

Əməliyyat 4 saat davam edib. Bu zaman anevrizmanın boynuna klip yerləşdirilib.  Xəstə bir müddət reanimasiyada qaldıqdan sonra  evə buraxılıb.