Xarici tələbələrlə iş üzrə dekanlıq nümayəndələri Sudan səfiri ilə görüşüb
Bu gün Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Sudanın Azərbaycandakı səfirliyində qonaq olub. ATU təmsilçilərini Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haq qəbul edib.
Görüş zamanı ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanı prof. Gülər Seyidova universitetin rektoru Əhliman Əmiraslanovun ehtiram və salamlarını səfirə çatdırıb. Dekan qeyd edib ki, məhz dünya şöhrətli alim akademik Əhliman Əmiraslanovun səyləri nəticəsində Tibb Universitetinin adı Avropanın qabaqcıl ali təhsil müəssisələri sırasında çəkilir.
Görüşdə qeyd olunub ki, indiyədəki ATU-da təhsil almış 10 Sudan vətəndaşından 6-sı məzun olmuş, 4 nəfəri isə hazırda təhsillərini davam etdirirlər. Eyni zamanda, Sudan Respublikasından ölkəmizə yeni tələbələrin cəlb olunması haqqında fikirlər səsləndirilib.
Səfir Mohamed Elias Mohamed əl-Haq Sudanın Azərbaycanla hər bir sahədə, həmçinin təhsil sferasında əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini deyib. O, ATU-nun rektoru Ə.Əmiraslanovla görüşmək istədiyini bildirərərk əcnəbi tələbələrin Azərbaycana göndərilməsi ilə əlaqədar işlərin gücləndirilməsinin tərəfdarı olduğunu deyib.