Azərbaycan Tibb Universitetində ötən il dekabrın 28-də başlayan payız semestrinin qış imtahan sessiyası fevralın 5-də yekunlaşıb.
İmtahan prosesi və nəticələri barədə universitetin İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova “Təbib” qəzetinə açıqlama verib. Onun bildirdiyinə görə, gün ərzində təxminən 2500-3000 tələbə səhər saat 08.30-dan axşam saat 16.50-dək imtahan verib. Üstəlik bütün fakültələr üzrə paralel olaraq kredit borcları olan tələbələr üçün hər gün 20-25 arası təkrar dinləmələr də olub.
Ü.Cəfərovanın bildirdiyinə görə, imtahan prosesi normal keçib, amma imtahan zalında iki tələbədən telefon aşkarlanaraq aktlaşdırılıb və bu barədə rəhbərliyə məlumat verililib: “Hər semestr olduğu kimi bu semestrdə də tələbələr apellyasiya şikayəti edib. Şikayətlər arasııında əsaslı olanlar da olub, olmayanlar da. Əsasən tərtib olunan testlərlə bağlı problemlər kliniki fənlərdən olub. Nəzəri fənlərdən tərtib olunmuş testlərlə bağlı elə bir ciddi problem üzə çıxmadı".
Ü.Cəfərova tərtib olunan test suallarında aşkar olunan nöqsanlardan da söhbət açıb. Bildirib ki, II Müalicə-prtofilaktika fakültəsinin IV kurs tələbələri neyrocərrahiyyə fənnindən imtahan verərkən problemlə üzləşiblər. Belə ki, imtahan zamanı bəlli olub ki, tələbələrə düşən test sualları tədris olunan ədəbiyyatdan deyil, kənar ədəbiyyatlardan salınıb. Məsləyə rəhbərlik qarışdıqdan sonra problem öz həllini tapıb və zamanında lazımi tədbirlər görülüb.
İmtahan Mərkəzinin müdiri sözünün sonunda tələbələrin əzbərçilikdən artıq uzaq olduqlarını, tədrisə maraqlarının artığını və bu səbəbdən imtahanları müvəffəqiyyətlə verdiklərini də qeyd edib.