Şüa diaqnostikası rezidentlərinin seminarları davam edir
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında şüa diaqnostikası rezidentlərinin seminarlarına start verilib. Qrafikə əsasən, yeni tədris ilində seminarlar iyun ayınadək davam edəcək.
İlk seminarda III kurs rezidenti Dursun Həsənov “Qaraciyər və öd yollarına invaziv müdaxilələr” mövzusunda çıxış edib. Müasir radiologiyanın ən maraqlı sahələrindən biri olan invaziv radiologiyaya həsr olunmuş məruzədə qaraciyər və öd yollarında mövcud olan müxtəlif problemlərin invaziv yolla həlli, bu sahədə olan yeniliklər və şəxsi praktikasından danışdı və sonda sualları cavablandırıb.
Hazırda kafedrada müxtəlif kurslar üzrə 42 nəfər rezidentura təhsili alır, onlardan 4-ü xarici vətəndaşdır. Rezidentlərin nəzəri və praktiki fəaliyyətləri ilə yanaşı, onlarda elmi potensialın güclənməsi və auditoriya bacarıqlarıının formalaşmasında vaxtaşırı keçirilən seminar və konfransların mühüm əhəmiyyəti var. Tibb təhsilinin master pilləsi sayılan rezidenturanın keyfiyyətli tədrisi səhiyyəmizin gələcəyini təmin edən prioritet məsələlərdən biridir.
Azərbaycan Tibb Universitetində bu vacib məsələnin müvəffəqiyyətli həlli üçün hər cür şərait var. Rezidentlərlə işin düzgün qurulması onların gələcəkdə savadlı həkim, pedaqoq və alim kimi yetişməsində mühüm rol oynayır. Odur ki, kafedra rəhbərliyi bu sahədə calışan gənc həkiməri və rezidentləri seminarlarda iştiraka dəvət edir.
Qeyd edək ki, Şüa diaqnostikası rezidentlərinin seminar cədvəli ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının rəsmi saytında paylaşılıb.