Fevralın 27-də Azərbaycan Gənclər Fondunun dəstəyi, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin vasitəsi ilə “İlkin tibbi yardım hər kəs üçündür” adlı ikigünlük təlim-seminar keçirilib.
Açılış nitqində ATU-nun Əczaçılıq fakültəsinin III kurs tələbəsi Günay Vəlizadə bu layihənin iştirakçılar üçün faydalı olduğunu bildirərərək, ixtisasından asılı olmayaraq hər kəsin ilkin tibbi yardım etmək barədə məlumatlı olmasının vacibliyinə toxunub.
Sonra sözü çıxış üçün ATU-nun THİK-nin sədri Elvin Kərimliyə verib. E.Kərimli də təlimlərin əhəmiyyətindən söhbət açaraq layihənin reallaşmasında dəstəyə görə, Azərbaycan Gənclər Fondunun rəhbərliyinə dərin təşəkkürünü bildirib. Layihənin rəhbərinin THİK-nin müavini, tələbə Cavid Mustafazadənin olduğunu qeyd edərək iştirakçılara işlərində uğurlar arzulayıb. O, öz çıxışında hazırladığı Qrant layihəsinin müsabiqədə yer tutmasının sevindirici hal olduğunu bildirib və maliyyə dəstəyinə görə Azərbaycan Gənclər Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.
Məruzəni Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov söyləyib. Bildirib ki, istifadə etdiyi məlumatlar Amerika Ürək Assosiasiyasının geri qayıtmayan təlimatları, klinik protokollar və təlimatlar əsasında hazırlanıb. Məruzəçi təbii fəlakətlər, yanğınlar, avtomobil qəzaları və s. zamanı xəsarət alanlara ilkin tibbi yardımın necə göstərilməsini bulyajlar vasitəsilə tələbələrə izah edib. Təlim-seminar növbəti gün davam edib və sonda nəzəri hissə ilə bağlı 15 sualdan ibarət imtahan keçirilib. İmtahandan müvəffəqiyyətlə keçən tələbələrə sertifikatların verilməsi nəzərdə tutulub. Həm də yüksək nəticə göstərən 10 tələbəyə beynəlxalq tədbirlərdə və praktik təlimlərdə iştirak etməsinə icazə veriləcək. Bu barədə isə onlar elektron ünvanları vasitəsi ilə məlumatlandırılacaqlar. Qeyd edək ki, təlim-seminar iştirakçıların böyük marağına səbəb olub. Verilən çoxsaylı suallar N.Seyidov tərəfindən cavablandırılıbdır.