Fevralın 27-dən start verilən Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə "İlkin tibbi yardım hər kəs üçündür" layihəsi başa çatıb. Layihənin məqsədi cəmiyyətin aparıcı təbəqəsi olan tələbələr arasında ilkin tibbi yardıma dair bilik və bacarıqların artırılması, onların bu sahədə təşəbbüslərinin artırılmasına nail olmaqdan ibarətdir.
Layihənin rəhbəri Cavid Mustafazadə bildirib ki, layihənin ünvanlandığı gənclər qrupunun müxtəlif situasiyalarda, təcili hallarda ölüm hallarının azaldılmasına dəstək göstərə bilməsinə yardımçı olmaq da məqsədlər sırasındadır. Layihə çərçivəsində tələbələr üçün təlim və seminarlar keçirilib, onlara praktiki təcrübə keçmək üçün şərait yaradılıb.
“İlkin tibbi yardım hər kəs üçündür” layihəsi Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibidir. Layihədə ATU, BDU, BMU, ADNSU, ADPU və digər universitetlərdən olan 208 tələbə iştirak edib.
Bu gənclərə 2 gün ərzinə müxtəlif təcili vəziyyətlərdə ilkin tibbi yardımın göstərilməsi istiqamətində təlim keçirilib və lazımi qaydalar əyani nümayiş etdirilib. Treninqlər beynəlxalq səviyyəli təlimçisi Nabil Seyidov tərəfindən aparılıb. Sonda tələbələr keçirilən təlimlərin effektvliyinin qiymətləndirilməsi məqsədilə testdən keçiblər. Testdə 70% nəticə göstərən bütün tələbələr rəsmi sertifikatlarla təmin olunublar.
Layihəni uğurla başa vurmuş gənclərdən ibarət “İlkin tibbi yardım” komandasının formalaşdırılması, gənclərin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə onların iştirakını təmin etmək planlaşdırılır. Buna görə ən yüksək nəticə göstərən 10 tələbə 2 günlük tam təkmilləşmiş praktiki təlimlər keçmək hüququnu qazanıb. Sonda bu tələbələr diplom və hədiyyələrlə təltif ediliblər.