“Uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil. Uşaqlar da bu virusa yoluxur. Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər”.
Bunu tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicvə olunduğu Tədris Cərrahiyyə Klinkasının baş həkimi Ramiz Poluxov deyib: “TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək doğru deyil. Yaşlı insanlar, digər əhalimiz kimi uşaqları da qorumaq lazımdır”.
Uşaq cərrahı, əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: “Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. İnşallah, koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək”.
R. Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması, sevindirici haldır: “Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir”.
Baş həkim, Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ciddi ağır xəsə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib: “Koronavirus gözə görünməyən düşmən, bəşəriyyətin düşmənidir. Covid-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.
Həkim, virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.