Təhsil naziri Ceyhun Bayramovun Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəal üzvləri ilə videogörüşü keçirib. Onlayn görüşdə Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Rauf Vəliyev də iştirak edib.
Ceyhun Bayramov tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən tədbirlər barədə danışıb. Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Koronavirus pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.
Görüşdə Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələri maraqlandıran bir sıra sualları nazirə ünvanlayıblar. Bu zaman tələbələrin təqaüdü, onlayn təhsilin tətbiqi ilə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və digər aktual məsələlərlə bağlı suallar səsləndirilib. Nazir bu sualları ətraflı şəkildə cavablandırmaqla yanaşı, həmçinin tələbələrin səsləndirdikləri rəy və təklifləri diqqətlə dinləyib, onların nəzərdən keçiriləcəyini bildirib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı hazırda Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən tələbə gənclər təşkilatını özündə birləşdirir. Üzvlər sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATU-nun Tələbə Gənclər Təşkilatı bu qurumun aktiv üzvlərindən biridir.