İraq səfiri Əhliman Əmiraslanovla görüşdü
Bu gün Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov İraqın ölkəmizdəki səfirliyinin nümayəndə heyətini qəbul edib. İraqın fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeşi Əl-Bərrakla görüş zamanı qarşılıqlı əməkdaşlıq, tələbələrin mübadiləsi, həkimlərin təcrübəsinə dair fikir mübadiləsi aparılıb.
Millət vəkili, akademik Əhliman Əmiraslanov qonağı Tibb Universitetinin fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları barədə danışıb. Səfir Qubeşi Əl-Bərrak isə İraq hökumətinin Tibb Universitetinə tələbə göndərməkdə maraqlı olduğunu söyləyib. Rektor xarici tələbələr üçün mövcud limitdə İraqa daha çox yer ayırmağa hazır olduqlarını bildirdi.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova, Xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova, Dekan müavini Niyazi Hacıyev iştirak ediblər. İraq səfirliyindən təhsil müşaviri Loğman Abdulkərim və Jassim Mohammad Əhməd görüşə qatılıblar.