ATU-nun İctimai səhiyyə fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Fakültə dekanı professor Anar Ağayev giriş nitqi ilə çıxış edərək, toplantı iştirakçılarını Tibb İşlərinin peşə bayramı münasibətilə təbrik edib.
Toplantıda İctimai səhiyyə fakültəsinin sərəncamında olan kafedra və elmi tədqiqat institutunun əməkdaşlarının seçkiləri baş tutub. Şuranın toplantısı onlayn qaydada olduğuna görə, açıq seçkilər keçirilib.
İclasda Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev, Qidalanma və gigiyena kafedrasının müdiri İbrahim Əhmədov, Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov çıxış ediblər. Pandemiya ilə əlaqədar onlayn kecirilən imtahanların gedişi barədə məruzələr edilib. Həmçinin, Apelyasiya müraciətləri barəsində məlumat verilib. Qeyd olunub ki, ötən ilə nisbətən bu il apelyasiyaya müraciətlərinin sayında kəskin azalma müşahidə olunub. Araşdırmaların nəticələrinə görə, tələbələrin əsaslı iddialarının əksəriyyəti kafedranın hazırladığı suallara aid olmayıb. Şikayətlərin böyük qismi texniki problemlərlə əlaqədar olub.
İclasda COVID-19 pandemiyası ilə mübarizədə ATU əməkdaşlarının iştirakı haqqında məlumat verilib. Yoluxucu xəstəliklər kafedrasının tədris hissə müdiri, dosent İlham Bayramov qeyd edib ki, fakültənin 35 əməkdaşı yoluxucu xəstəliklər kafedrasının rezidentləri ilə birliktə pandemiya ilə mübarizədə aktiv iştirak etməkdədirlər. Toplantı cari məsələlərin müzakirəsi ilə davam edib.