Leykemiya ayı” başladı
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında "İrəli" İctimai Birliyinin həyata keçirdiyi "Leykemiya ayı" layihəsinin açılış mərasimi baş tutub. ATU-nun birgə təşkilatçılığı ilə mərasim iştirakçıları "Azərbaycanda leykemiya problemi" mövzusunda fikirlərini açıqlayıblar.
Konfransda universitetin rektoru, akademik Əhliman Əmiraslanov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, Türkiyənin Hematoloji Dərnəyinin rəhbəri, professor Süleyman Dinçer, Milli Məclisin deputatları Jalə Əliyeva, Hadi Rəcəbli, Musa Quliyev, Səhiyyə Nazirliyinin nümayəndələri, ATU-nun professorları və kafedra müdirləri iştirak etmişlər.
Tədbirin əvvəlində leykemiya xəstəliyi haqqında film göstərilib. Çıxışında mövzunun aktuallığından danışan Ə.Əmiraslanov bildirib ki, bu xəstəlik təkcə Azərbaycanda deyil, dünya səhiyyəsində narahatlıq yaradır. Ona görə də ölkəmizdə leykemiyalı xəstələrin hüquqi və sosial durumlarının yaxşılaşdırılması zəruridir. Ancaq bunun üçün Milli Məclisdə yeni qanun qəbul etməyə ehtiyac yoxdur, çünki onkoloji xəstəliklərlə bağlı qanun var. Sadəcə bu qanuna əlavə və dəyişikliklər etmək kifayətdir.
Leykemiyalı xəstələrin müalicəsi ilə bağlı kadr çatışmazlığını qeyd edən rektor bildirib ki, indi bu problem də həll olunur. Tədbirdə qeyd olunub ki, Azərbaycanda sümük iliyinə ehtiyacı olan xəstələr çoxdur. Ona görə də sümük iliyi transplantasiyasının da ölkəmizdə keçirilməsinin vaxtı çatıb.
"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev isə "Leykemiya ayı" layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, tədbirlər fevralın 20-dən etibarən 1 ay ərzində davam edəcək. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda leykemiyalı xəstələrin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların cəmiyyətin ayrılmaz hissələri olduqları barədə ictimai maarifləndirməni təşkil etməkdən ibarətdir.
Sonra Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkimləri leykemiya xəstəliyi haqqında və bu xəstəliklə mübarizə istiqamətində ölkəmizdə görülmüş işlər haqqında ətraflı məlumat veriblər. Konfrans mütəxəssislərin leykemiya xəstəliyi ilə bağlı məruzələri ilə davam edib.
Leykemiya (leykoz) qan xərçəngidir. Xəstəliyə bütün yaşlarda tutulmaq mümkündür. Ötən əsrdə leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. Bu gün isə dünyanın inkişaf etmiş ölkələrində leykozdan tam sağalma şansı 95 faiz təşkil edir.