Azərbaycan Tibb Universitetinin ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti t.ü.f.d. Məhəmməd Davudovun son 1 ildə PubMed, İSİ indeksasiyalı nüfuzlu elmi jurnallarda 5 məqaləsi çap edilib. Bu jurnallar ABŞ, Britaniya, Kanada, İran kimi ölkələri və Cənub Şərqi Asiya və Avstraliya Xərçəng Cəmiyyətini rəsmi olaraq təmsil edir.
Jurnallarda dərc olunan məqalələr doktor M.Davudovun Tehran Tibb Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən aparılan elmi tədqiqat işini əhatə edir. Elmi məqalələr əsasən ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin öyrənilməsinə, eləcə də ağız xərçənginin cərrahi müalicəsində tətbiq edilən müxtəlif plastik rekonstruktiv əməliyyatların nəticələrinin qiymətləndirilməsinə həsr edilib.
Həmçinin, ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi üçün Avropa Xərçəng Tədqiqatı və Müalicəsi Cəmiyyətinin tətbiq etdiyi sorğu anketlərinin ilk dəfə Azərbaycan dilində versiyası hazırlanaraq cəmiyyət tərəfindən rəsmi olaraq təsdiq edilib. Qeyd edək ki, doktor M.Davudov bu cəmiyyət tərəfindən müəlliflik şəhadətnaməsi də alıb.