ATU tələbələri türkiyəli müəllimlərin “Tibb bacısı” ixtisası üzrə online dərslərinə qoşulacaq
Azərbaycan Tibb Universitetinin rektoru (ATU) ilə Türkiyənin Qazi Universitetinin rektorunun iştirakı ilə vebinar keçirilib. Onlayn görüşdə iki ali məktəb arasında əməkdaşlıq, pandemiya dövründə fəaliyyətin əlaqələndirilməsi, qarşılıqlı layihələr barədə fikir mübadiləsi aparılıb.
ATU rektoru professor Gəray Gəraybəyli rəhbərlik etdiyi müəssisədə Türkiyədən 775 nəfərin təhsil aldığını bildirib: “Onlardan 754 nəfəri tələbə, 21 nəfəri rezidentdir. Həmçinin universitetimizlə Türkiyənin 23 universiteti arasında anlaşma memorandumu var. Bu sazişlər çərçivəsində bir çox sahələr üzrə qarşılıqlı fəaliyyət həyata keçirilir, birgə işlər görülür”.
G.Gəraybəyli qeyd edib ki, ATU və Qazi Universiteti arasında da anlaşma memorandumu imzalanıb. Yaxın vaxtlarda bu sənədin şərtlərinin yenilənməsi planlaşdırılır. Rektor bildirib ki, Prezidenti İlham Əliyevin sərəncamı ilə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Bu ilin əvvəlindən başlayan pandemiyaya baxmayaraq, ölkədə ali təhsilin keyfiyyətinin arıtırlması üçün ciddi işlər görülür. Və ATU-nun Qazi Universiteti ilə yenidən imzalayacağı memorandum çərçivəsində görüləcək işlər bu proqramın tələblərinə uyğun olacaq.
Qazi Universitetinin rektoru professor dr. Musa Yıldız Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyindən əminliyini bildirdi: “Biz istənilən sahə üzrə dəstəyimizi göstərməyə hazırıq. Bildiyimiz qədər, bu il ATU-da ilk dəfə olaraq “tibb bacısı” ixtisası üzrə təhsilə start verilir. Qazi Universitetində artıq neçə illərdir ki, eyni ixtisas üzrə tədris mövcuddur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq. Bu məqsədlə “tibb bacısı” ixtisası üzrə online dərslərimizdə ATU təbələlərinin iştirakını da təmin edə bilərik”.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli ATU-da yeni açılan “tibb bacısı” ixtisası üzrə təhsilin tədrisində Qazi Universitetinin təklif etdiyi proqramı yüksək qiymətləndirdi: “Bu, Azərbaycan təhsilində bir ilk olduğuna görə, “tibb bacısı” ixtisası üzrə dərslər əsasən həkimlər tərəfindən aparılır. Qazi Universiteti müəllimlərinin bu məsələdə yardımı Azərbacyadna da həmin ixtisas üzər dərslərin təkmilləşdirilməsi, tələbələrin daha yaxşı qavramasına səbəb olacaq. Yekunda iki universitet arasında ikili diplom proqramını hazırlayıb, təsdiq üçün aidiyyatı orqanlara təqdim etməyi planlaşdırırıq”.
Görüşdə ikili diplom məsələsi, universitetlər arasında virtual əməkdaşlığın gücləndirilməsi, Qazi Universiteti ilə ATU arasında tədris proqramlarının uyğunlaşdırılması üçün müvafiq işlərin görülməsinin vacibliyi barəsində müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova iki ölkə arasında hər bir sahədə olduğu kimi təhsil sahəsində də ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini bildirdi.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, tədris şöbə müdiri, dosent Samir Cavadov, İKT şöbəsinin müdiri Rəmzi Əliyev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Qazi Universitetinin sağlıq bilimləri fakültəsinin dekanı professor dr. Bülent Elbasan, tibb fakültəsinin dekanı professor, dr. Mustafa Necmi İlhan, diş həkimliyi fakültəsinin dekanı, professor dr. Kahraman Güngör iştirak ediblər.