İstanbul Universiteti-Cərrahpaşa rektoru Azərbaycan xalqının yanında olduqlarını bildirib

 

Türkiyənin tibb sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olan İstanbul Universiteti-Cərrahpaşa Azərbaycan xalqının yanındadır. Bu sözləri İstanbul Universiteti-Cərrahpaşa rektoru professor Dr. Nuri Aydın Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli ilə telefon danışığında bildirib. Azərbaycan xalqının doğma torpaqlarının azadlığı uğrunda apardığı mübarizə ilə bağlı vəziyyəti diqqətlə və xüsusi həssaslıqla izlədiklərini bildirən rektor professor Dr. Nuri Aydın rəhbərlik etdiyi kollektiv adından çıxış edərək bu məsələdə Azərbaycanı hərtərəfli dəstəklədiklərini bildirib: “Biz həm əməkdaşlıq etdiyimiz universitet olaraq, həm də qardaş ölkə olaraq bütünlüklə Azərbaycanı hər bir məsələdə, xüsusilə indiki anda apardığınız haqq savaşınızda dəstəkləyirik və yanınızda olduğumuzu bildiririk. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün apardığınız qətiyyətli siyasət bizi çox sevindirir və ruhlandırır. İnanırıq ki, Azərbaycandan tezliklə tam qələbə haqqında zəfər xəbərləri alacağıq”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu çətin anda verdiyi dəstəyə görə professor Nuri Aydına öz təşəkkürünü bildirərək, Azərbaycan xalqının başda Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan olmaqla, qardaş Türkiyənin dəstək və yardımını hər zaman hiss etdiyini qeyd edib: “Artıq bütün dünya bilir ki, Azərbaycan haqq savaşındadır və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun apardığı əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsi artıq azad olunub. Hərbi əməliyyatlar başlandığı gündən biz Türkiyədən böyük dəstək görmüşük. Azərbaycan Tibb Universiteti olaraq, qardaş Türkiyənin və eyni zamanda, İstanbul Universitetinin bu haqlı mübarizəmizdə yanımızda olmağından qurur hiss keçiririk və Sizlərə dərin təşəkkürlərimizi bildiririk”. Rektor G.Gəraybəyli bir daha həmkarına təşəkkür edərək, gələcəkdə universitetlər arasında əlaqələrin daha da genişləndirilməsinin hər iki universitetə faydalı olacağını hesab etdiyini bildirib.