Əcnəbi vətəndaşların ATU-nun Rezidentura və Magistratura pilləri üzrə 2020-2021-ci təhsil ili üçün qəbulu keçirilib. Qəbul prosesinin şəffaf və mütəşəkkil aparılması məqəsdilə, ATU rektorunun əmrinə əsasən xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibinə ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Rezidentura və magistratura şöbəsinin müdiri professor Nailə Sultanova, həmin şöbənin müdir müavinləri dosent Svetlana Babayeva, assistent Gülay Məmmədzadə, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, həmin şöbənin müdir müavini Nigar Ələkbərova daxil edilib.
Rezidentura pilləsinə qəbul 2 hissədən ibarətdir olub. 16 oktyabr tarixində ATU-nun Test Mərkəzində dil imtahanı keçirilib və imtahanı uğurla vermiş əcnəbi vətəndaşlar müsahibə mərhələsinə buraxılıblar. Rezidentura pilləsi üçün 7 fərqli ölkədən 16 nəfər əcnəbi vətəndaş ərizə müraciət edib. Bu vətəndaşlardan 3 nəfərin ərizəsi ikili vətəndaşlıq məsələlərinə görə qəbul edilməyib. Müraciətlər mama-ginekologiya, üz-çənə cərrahiyyəsi, şüa-diaqnostika, qastroenterologiya, dermatovenerologiya və s. ixtisaslar üzrə olub.
Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama hərəkatı üzv dövlətləri üçün ayrılmış qrant hesabına 3 nəfər əcnəbi vətəndaş ATU-nun rezidentura pilləsində təhsil almaq hüququ qazanıb.
Magistraura pilləsinə qəbul olunmaq üçün ATU-nun Əczaçılıq fakültəsinin məzunu 2 nəfər əcnəbi vətəndaş müraciət edib. Qeyd olunan hər iki əcnəbi vətəndaş müsahibədən uğurla keçərək, farmakoqonoziya və əczaçılıq kimyası ixtisasları üzrə magistratura pilləsinə qəbul edilmək hüququ qazanıblar.