ATU tələbələri dəhşətli qəzada həlak oldular
Təəssüf ki, bu səhər çox kədərli bir xəbəri paylaşmalı oluruq.
 
Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.
 
Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
 
Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir.
 
Azərbaycan Tibb Universitetinin rəhbərliyi adından ölənlərin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk! Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə şəfa diləyirik!